20 yanvar Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir DƏYİRMİ MASA

20 yanvar Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir DƏYİRMİ MASA

"Səs" qəzetinin redaksiyasında 20 Yanvar hadisələrinin 24-cü ildönümünə həsr olunmuş dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, dəyirmi masada Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, politoloq Cümşüd Nuriyev, Milli Azadlıq Hərəkatının təmsilçisi Məmməd Əlizadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov, "Bakı-Xəbər" qəzetinin baş redkatoru Aydın Quliyev və Vəhdət Partiyasının üzvü Etibar Səmədov iştirak ediblər.

Milli Azadlıq Hərəkatının təmsilçisi Məmməd Əlizadə çıxışında qeyd edib ki, 20 Yanvar tarixi Azərbaycan xalqının mübarizə ruhunun ən yüksək göstəricilərindən biridir: "20 yanvar tarixində, o qürurlu gündə xalqımız nə qədər ağır anlar yaşasa da, o gün Azərbaycan xalqının milli azadlq yolunda qəhrəmanlq dastanıdır. Bu dastan bütün dünya xalqlarına ali dəyərləriimizin göstəricisi oldu".

YAP Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov vurğulayıb ki, 20 yanvar hadisələri baş verdikdən sonra Ulu öndər Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək məsələyə hüquqi qiymət verməsi və hadisələri beynəlxalq aləmə çatdırması bundan sonra xalqımızın başına gələ biləcək proseslərin qarşısını aldı.

"20 yanvar tarixi öz siyasi-hüquqi qiymətini məhz Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra aldı" - deyən Aydın Hüseynov onu da qeyd edib ki, Ümummilli lider faciənin hüquqi qiymətini alması üçün xüsusi komissiya yaratdı ki, bununla bağlı xeyli sayda sənədlər mövcuddur: "O zaman özünü xalqın lideri sayanlar onları bu faciə ilə üz-üzə qoyub qaçıb gizlənmişdilər. Hətta bu faciədən öz məqsədləri üçün istifadə edənlərin sayı da az deyildi. Hazırda radikal müxalifət mövqeyi tutanlar o dövrdə olan prosesləri insanların yaddaşından silə bilməzlər".

"Bakı-Xəbər" qəzetinin baş redkatoru Aydın Quliyev isə öz növbəsində qeyd edib ki, 20 yanvar faciəsi Azərbaycanın istiqlal tarixinin yeni bir mərhələsini açıb. Baş redkator bu hadisələrin işıqlandırmasında milli mətbuatın da rol oynadığını xatırladıb: "Düşünürəm ki, 20 yanvar faciəsi ilə bağlı qaranlıq məqamlar qalmayıb. Həmin gündə faciənin törədilməsində prinsip etibarı ilə artıq mənzərə bəlli idi. Xalqın başına gələn faciəni dünyaya çatdırmaqda milli mətbuatın rolu danılmazdır. O zaman hadisələrin birbaşa şahidi olanların söylədikləri fikirlər mətbuat üçün qiymətli mənbə kimi istifadə olunub və bu gün də olunmaqdadır. Sevindirici haldır ki, hadisələrin hansı səbəbdən törədilməsi, Azərbaycan xalqı üçün xeyri və ya ziyanı ilə bağlı vaxtilə verilən suallar, səsləndirilən fikirlər bu gün artıq öz cavabını tapıb. Bütün bunların həyata keçirilməsində mətbuat öz üzərinə düşən missiyanı layiqincə yerinə yetirib".

Politoloq Cümşüd Nuriyev 20 yanvar hadisəsi ətrafında aparılan araşdırmalara münasibətini bildirərkən qeyd edib ki, indiki araşdırma faktları onu göstərir ki, 1981-ci ildə Qorbaçov İngiltərədə olarkən bu ölkənin kəşfiyyat orqanı tərəfindən ələ alınıb və həmin orqanı ona SSRİ-ni tədricən dağıtmağı tapşırıb: "Məhz həmin tapşırığın icrasında 1987-ci ildən Azərbaycan hədəfə götürülmüşdü. Çünki Azərbaycanda insanların intelektual səviyyəsi digər SSRİ xalqılarının intelektual səviyyəsindən üstün idi".

1987-ci ilin oktyabrında Heydər Əliyevin Mərkəzi Komitənin bürosundan uzaqlaşdırılması ilə bu hadisələrin əsasının qoyulduğunu xatırladan Cümşüd Nuriyev daha bir maraqlı məqama toxunub: "O zaman Azərbaycan xalqını guya azadlığa aparan 1987-ci ilin sentyabr ayında yaradılan "Yurd" hərəkatı idi. "Yurd" hərəkatını SSRİ dövlət təhlükəsizlik orqanları yaratmışdı. Bu hərəkat məhz gəncləri təhrik etməklə öz işlərini həyata keçirirdi. Bunu deməyə əsas verən fakt ondan ibarətdir ki, bu günə qədər "Yurd"un yaradıcılarından biri də nə həbs edilib, nə güllələnib, nə də öldürülüb".

Politoloq qeyd edib ki, bütün hadisələrin törədilməsində məhz "Yurd"çular öndə gedirdilər: "Bu ssenari əvvəlcədən hazırlanmışdı".

Vəhdət Partiyasının sədri Tahir Kərimli isə bildirib ki, o zaman xalqa nə mətbuat, nə də televiziya vasitəsilə xəbər almağa imkan verilirdi: "Həmin ildə bir çox məsələlərdə xalqın hüquqları tapdalanırdı, kim nəyi necə bilirdisə o cür də edirdi. SSRİ-nin dağılmaq planı artıq işə düşmüşdü. Yəni, bunun qarşısını almaq artıq mümkün deyildi. Çünki o vaxt hakimiyyətin başında duranlar özləri satılmışdılar".

20 yanvar faciəsinə qədər Ermənistandan soydaşlarımızın Azərbaycana köçürülməsi, burada əks hərəkatların yaradılması prosesinin baş verdiyini deyən Tahir Kərimli eyni zamanda bildirib ki, bu tarix həm də bir qəhrəmanlıq salnaməsidir: "20 yanvar Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsidir".

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov çıxışında bildirib ki, vətəndaş cəmiyyəti də 20 yanvar hadisələrinin dünyaya tanıdılmasında əhəmiyyətli rolunu oynamalıdır: "Biz vətəndaş cəmiyyəti olaraq Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmağı özümüzə borc bilirik. Müxtəlif tədbirlər həyata keçirməklə yanaşı sosial şəbəkələrdə də fəaliyyətimizi gücləndiririk".

Azadlıq Hərəkatçıları Birliyinin sədri Təhmasib Novruzov isə vurğulayıb ki, həmin zamanlar SSRİ tərəfindən Azərbaycana qarşı bu cür addımın atılması qaçılmaz idi: "Sapı özümüzdən olan baltalar da bu hadisələrin baş verməsində böyük rol oynayıblar. O zaman Əli Kərimli 20 yanvarda meydana əli yalın çıxan insanları Azərbaycan xalqının baş alçaqlığı gətirən "xuliqan ünsürlər" adlandırmışdı".

Dəyirmi masa fikir mübadiləsi ilə öz işini başa vurub.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə