Anders Foq Rasmussen: "Biz tərəfdaşlığımızı gücləndirmək istəyirik və bu məqsədlə bizim azad və açıq dialoqa ehtiyacımız var"
"Bizim artıq yaxşı işləyən tərəfdaşlığımız vardır. Lakin bununla belə, mən tərəfdaşlığımızın daha inkişaf etdirilməsi potensialını da görürəm. Əməkdaşlığımızın bir hissəsi apardığımız birgə əməliyyatlardır. Prezidentin qeyd etdiyi kimi, olduqca vacibdir ki, biz birgə işləmək və əməliyyat aparmaq bacarığımızı inkişaf etdirək, daha doğrusu, silahlı qüvvələrimiz birgə işləmək bacarığını əldə etsin. Beləliklə, biz sülhməramlı əməliyyatlarda birgə iştirak edə bilərik". Bunu jurnalistlərin suallarını cavablandırarkən, NATO-nun baş katibi Anders Foq Rasmussen Prezident İlham Əliyevlə keçirdiyi mətbuat konfransında deyib.
Baş katib deyib ki, Silahlı Qüvvələr daxilində islahatları davam etdirməliyik: "Bu, elə bir sahədir ki, NATO-nun yaxşı ekspert bilikləri var, bizim Azərbaycan ilə artıq gözəl əməkdaşlığımız qurulub və onu davamlı şəkildə inkişaf etdirməliyik.
Əlbəttə ki, enerji təhlükəsizliyi ümumi maraq doğuran böyük məsələdir. Onun strateji, daha sonra təhlükəsizlik aspektləri vardır. Bu sahədə də biz tərəfdaşlığımızı daha da inkişaf etdirə bilərik.
Sonda, icazə verin qeyd edim ki, bizim konkret praktiki əməkdaşlıq layihələrimiz vardır. Məsələn, biz partlamamış sursatların təmizlənməsi və yüz hektarlarla torpaqların bundan azad edilməsi üçün Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik ilə əməkdaşlıq edirik. Bu, dünyada ən böyük belə layihələrdən biridir və Azərbaycan xalqının rifahına xidmət edən layihədir. Bu, gələcəkdə inkişaf etdirilə biləcək praktiki əməkdaşlığın digər konkret nümunəsidir".
Rasmussen həmçinin, bildirib ki, ikili standartlarla bağlı məsələyə də aydınlıq gətirib: "İkili standart kimi hər hansı yanaşma mövcud deyildir. Bütün NATO ölkələrində də siyasi məsələlər əsaslı müzakirə mövzusudur. Digər ölkələrlə apardığımız tərəfdaşlığa gəldikdə, biz dialoqumuzda bir sıra fundamental prinsiplərə əsaslanırıq. Həmin prinsiplərə uyğunluq məsələlərin açıq və səmimi şəkildə müzakirəsi tərəfdaşlığımızın tərkib hissəsidir. Bir sözlə, siz bunu ikili standart kimi qəbul etməməlisiniz. Əslində, biz bununla bir-birimizə daha ciddi yanaşırıq. Hazırda bu sahədə öz ölkələrimizdə də mühüm müzakirələr aparılır. Oxşar müzakirələri, həmçinin tərəfdaşlarımızla da aparırıq, çünki biz onlara hörmətlə yanaşırıq. Biz tərəfdaşlığımızı gücləndirmək istəyirik və bu məqsədlə bizim azad və açıq dialoqa ehtiyacımız vardır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB