AXCP: "Müsavat İctimai Palatanı Milli Şuraya alternativ olaraq saxlamağa cəhd edir"
İctimai Palatanın saxlanması tərəfdarı olan Müsavat Partiyasının Milli Şuradan çıxma ehtimalları artdıqca, AXCP tərəfdən iddialar irəli sürülməkdədir. SİA-nın məlumatına görə, AXCP sədrinin müavini Razi Nurullayev bütün bu kimi cəhdlərə baxmayaraq, İctimai Palatanın öz dövrünü başa vurduğu qənaətindədir: "Bizim fikrimizcə, bu adda qurumun yenidən bərpa olunması müxalifətin işinə yeni impuls verə bilməz. Çünki Milli Şura yarananda belə bir qərar qəbul edildi ki, İctimai Palatanın bütün ictimai və siyasi yükü yeni quruma transfer olunsun".
İctimai Palatanın üzərinə düşən funksiyaların Milli Şura tərəfindən həyata keçirildiyini iddia edən Razi Nurullayev onu da qeyd edib ki, Müsavat Partiyasının cəhdlərinə baxmayaraq, İctimai Palata Milli Şuranın alternative ola bilməyəcək. Cəbhə funksioneri eyni zamanda Milli Şurada AXCP tərəfdarlarının Müsavat tərəfdarlarından çox olduğunu da qarşı tərəfin diqqətinə çatdırıb: "İctimai Palatada təmsil olunan fəalların çoxu Milli Şurada fəaliyyət göstərməyin tərəfdarıdır. Müsavat Partiyasının İctimai Palata ilə bağlı qərarı ciddiləşəcəksə, təbii ki, bununla bağlı müzakirə aparılacaq. Hesab edirəm ki, bütün parametrlərə görə İctimai Palata Milli Şuraya alternativ ola bilməz. Hətta belə istək olsa da".
Xatırladaq ki, 2010-cu ildə keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmayan ənənəvi müxalifət təmsilçiləri İctimai Palata adlı qurum yaradaraq onun tərkibində fəaliyyət göstərsələdr də sonradan bu qurum da digərləri kimi düşərgəyə səmərə vermədi. Məhz bundan sonar 2013-cü il president seçkiləri öncəsi Milli Şura yaradıldı. Ancaq Milli Şurada yaranan qarşıdurmalar və böhran, xüsusilə, AXCP-Müsavat arasındakı ziddiyyətlər yenidən İctimai Palata mövzusunu yenidən gündəmə gətirdi. Hazırda palatanın fəaliyyətinin bərpasında ən maraqlı tərəf kimi Müsavat Partiyası çıxış edir. Lakin Milli Şuradakı güc balansı cəbhəçilərin xeyrinədir.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB