İsa Qəmbər: "Heç bir əsası olmayan fikirlərdir...Yeni il tətili bitir"
AXCP sədri Əli Kərimlinin partiyanın Ali Məclisinin toplantısında Müsavat Partiyasını gərginlik yaratmaqda ittiham etməsi qarşı tərəfin kəskin etirazı ilə nəticələnib. SİA-nın məlumatına görə, Müsavat başqanı İsa Qəmbər Əli Kərimlinin bu kimi iddiasını əsassız adlandırıb: "Təəssüf ki, seçkilərdən sonra müxalifətdaxili gərginliklərin yaşanması təkrarlanan bir hadisəyə çevrilib. Ancaq bu il bu gərginliyin baş verməsi məni xüsusilə təəccübləndirdi. Çünki mahiyyət etibarilə ötən il əldə olunmuş uğurları qiymətləndirərək, dəyişikliklərə nədən nail olmadığımızı müəyyənləşdirərək yolumuza davam etməli idik. Ancaq təəssüf ki, nədənsə demokratik düşərgədə ciddi bir gərginlik yarandı...".
Müsavat başanı rəhbərlik etdiyi təşkilatın AXCP və həmin partiyaya yaxın olan siyasi qurumlar tərəfindən gərginlik yaratmaqda və Milli Şuradan getmək üçün bəhanə axtarmaqda ittiham edilməsinə münasibətini bildirərkən qeyd edib ki, onlar normal təkliflər irəli sürsələr də müqavimətlə rastlaşıblar: "Heç bir əsası olmayan fikirlərdir. Çünki seçki dövrü yekunlaşandan sonra biz Müsavat Partiyası olaraq bir neçə təklif irəli sürdük. Bunu təxminən dörd təklif kimi qruplaşdırmaq mümkündür. Birincisi, Rüstəm İbrahimbəyovun hörmətlə Milli Şura sədrliyindən ayrılması. İkincisi, Cəmil Həsənlinin Milli Şuranın rəhbərliyinə gətirilməsi. Üçüncüsü, Milli Şuranın hədəflərinin dəqiqləşdirilməsi...Əslinə qalsa Cəmil Həsənlinin də, Rüstəm İbrahimbəyovun da, bütün bu prosesdə iştirak edən şəxslərin də maraqlarına uyğundur. Amma nədənsə bu təkliflərin həyata keçirilməsinə çox ciddi bir müqavimət formalaşdırıldı, bu məsələlər ləngidildi, bu təkliflərin ətrafında yersiz diskussiyalar yaradıldı".
Təkliflərinin ikisi həll olunandan sonra da səngimənin baş vermədiyini bildirən İsa Qəmbər bunun yerinə Müsavata qarşı hücumların daha da şiddətləndiyini deyib: "Bunlar çox qəribə görünür. Təbii ki, biz də bu prosesi diqqətlə müşahidə edirik. Müəyyən bir fasilə oldu, ona görə də müzakirələrimizin intensivliyi azaldı. Ancaq indi yeni il tətili bitir, yaxın günlərdə partiya rəhbərliyində və həmkarlarımızla müzakirələrimiz, məsləhətləşmələrimiz davam edəcək. Təbii ki, bütün gerçəkləri nəzərə alaraq müəyyən qərarları qəbul edəcəyik".
Müsavat Partiyasının bir neçə təşkilata, o cümlədən AXCP-yə müttəfiqlik sazişi imzalamaq təklifi ilə müraciət etdiyini xatırladan İsa Qəmbər bilavasitə Əli Kərimliyə eyham vuraraq bildirib ki, rəhbərlik etdiyi təşkilat Milli Şuradan ayrıla bilər və bunun səbəbkarı da məhz AXCP sədri və onun irəli sürdüyü fikirlərdir: "...Biz Milli Şurada birlikdə yolumuza davam edib-etməyəcəyimizdən asılı olmayaraq müəyyən qüvvələr arasında ikitərəfli anlaşmalara ehtiyac var...Hadisələr göstərdi ki, bir neçə il ərzində İctimai Palata, Milli Şura kimi böyük birliklərdə fəaliyyət göstərməyimizə baxmayaraq təşkilatlararası münasibətlər kifayət qədər kövrəkdir. Bir nəfərin kəskin bir söz yazması kifayətdir ki, digərləri də həyəcanlansınlar, kəskin cavablar bir-birini əvəz etsin. Yəni elə təkcə bu özü ikitərəfli münasibətlərin önəmini diqqətə çatdıran bir məsələdir".
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB