Nərimanov rayonu bayram tədbirlərinə start verib

Nərimanov rayonunda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni ilin gəlişi münasibətilə bayram tədbirlərinə start verilib. SİA-nın məlumatına görə, tədbirlər çərçivəsində 24 dekabr 2013-cü il tarixində Heydər Əliyev Fondunun təşəbbüsü və Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə uşaqlar üçün Yeni il şənliyi keçirilib.

Nərimanov rayonunda yerləşən MKT İstehsalat Kommersiya MMC-nin Bakı İplik Fabriki və Beynəlxalq Ticarət Mərkəzinin "Atrium" konfrans zalında təşkil olunan şənlikdə kor və zəif görənlər üçün 5 nömrəli respublika internat məktəbinin şagirdləri və Psixonevroloji uşaq evində müalicə olunan uşaqlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nərimanov Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Şahmar İbadov uşaqları bayram münasibətilə təbrik edib, onlara ən xoş arzularını çatdırıb. Ş.İbadov həmçinin uşaqlara, gənc nəslə dövlət tərəfindən göstərilən qayğıdan danışıb, ölkə prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın xüsusilə müəyyən əqli və fiziki məhdudiyyətləri olan uşaqları daim diqqət mərkəzində saxladığını xüsusilə vurğulayıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev çıxış edərək balacalara yeni ildə uğurlar və sağlamlıq arzulayıb. O qeyd edib ki, artıq neçə illərdir ki, hər ilin 31 dekabr günü Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində dünyada yaşayan bütün azərbaycanlılar üçün böyük məna daşıyan bayram kimi qeyd edilir.

Şənlikdə Şaxta baba, Qar qız, rəqs kollektivləri və klounların çıxışları uşaqların ürəyincə olub. Bayram şənliyində maraqlı ədəbi-bədii kompozisiya, səhnəciklər nümayiş edilib, şən mahnılar söylənib və müxtəlif rəqslər ifa olunub. Uşaqlar bayramla əlaqədar şeirlər söyləyərək, mahnı ifa edərək öz bacarıqlarını nümayiş ediblər.

Tədbirdə çıxış edən təhsil müəssisələrinin müəllimləri, valideynlər uşaqlara göstərdikləri qayğıya, onların sağlamlığı uğrunda sərf etdiyi əməyə görə dövlətimizin başçısı Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya, Nərimanov Rayon İcra Hakimiyyətinə bu cür gözəl bayram şənliyinin təşkil olunmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib, əqli və fiziki məhdudiyyətləri olan uşaqlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə edib.

Maraqlı konsert proqramı ilə keçən şənlikdə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyələr paylanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...