Prezident İlham Əliyev: "Bizim siyasətimizin təməlində xalqla iqtidar arasında birlik dayanır"

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilib.

Dövlətimizin başçısı əvvəlcə 2011-2013-cü illərdə Bakı şəhərində və ətraf qəsəbələrdə həyata keçirilən yenidənqurma tədbirlərini əks etdirən fotostendlərlə tanış oldu. Fotostendlərdə paytaxtda və ətraf qəsəbələrdə sosial inkişaf və infrastruktur layihələrinin, o cümlədən turizm, mədəniyyət, sahibkarlığın inkişafı, həmçinin ətraf mühitin qorunması sahələrində həyata keçirilən çoxsaylı layihələr barədə məlumatlar verilir.

Prezident İlham Əliyev konfransı giriş nitqi ilə açdı.

Dövlətimizin başçısı 2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafının təmin edildiyini, bu il ümumi daxili məhsulun təxminən 6 faiz, qeyri-neft sektorunun isə təxminən 10 faiz artdığını vurğuladı. "Bizim siyasətimizin əsas istiqaməti iqtisadi islahatlardır", - deyən dövlətimizin başçısı bu islahatların dünyanın aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirildiyini diqqətə çatdırdı.

Prezident İlham Əliyev vurğuladı ki, son 10 ildə fəal işlər nəticəsində Azərbaycanın siyasi, iqtisadi uğurları təmin edilib. Ən böyük nailiyyətlərimizdən biri isə BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizdir. "Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır", - deyən dövlətimizin başçısı vurğuladı ki, bu gün mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən Bakı dünyanın mərkəzlərindən birinə çevrilmişdir. Bununla da Azərbaycanın paytaxtı dünya xəritəsində öz layiqli yerini tutmuşdur. Bunu Bakıya gələn qonaqlar da təsdiqləyirlər.

Azərbaycan Prezidenti son 10 ildə regionların sosial-iqtisadi inkişafına dair iki dövlət proqramının qəbul olunduğunu, nəticədə bölgələrin inkişafında mühüm uğurlar qazanıldığını, eləcə də ölkə iqtisadiyyatına qoyulan sərmayələrin dinamik inkişafı təmin etdiyini bildirdi. Dövlətimizin başçısı qeyd etdi ki, növbəti illər üçün də konkret proqramlar vardır və ölkəmizin dayanıqlı inkişafı gələcəkdə də təmin olunacaqdır. Azərbaycanın neft strategiyasına toxunan Prezident İlham Əliyev bu sahədə reallaşdırılan layihələrdən danışaraq qeyd etdi ki, bu yaxınlarda "Şahdəniz-2" layihəsinə start verilməsi gələcəkdə ölkəmizin müstəqil inkişafına daha bir töhfə olacaqdır. Bakı şəhərinin təkcə mərkəzdən ibarət olmadığını vurğulayan Prezident İlham Əliyev inkişafın paytaxtımızın qəsəbə və kəndlərində də müşahidə edildiyini, şəhərin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla icra olunduğunu diqqətə çatdırdı.

Bildirdi ki, bu Proqramın əsas hədəfi qısa vaxtda Bakıda mövcud problemlərin həllinə nail olmaq idi və artıq bu istiqamətdə əhəmiyyətli nəticələr əldə edilib, böyük infrastruktur layihələri icra olunub, bu layihələr elektrik enerjisi, qazlaşdırma, su-kanalizasiya layihələrinin həyata keçirilməsini, istilik sisteminin bərpasını, yeni yolların çəkilməsini, sosial və ictimai zonaların yaradılmasını əhatə edib.

Sonra Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov və "Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin sədri Yaşar Həsənov Dövlət Proqramı çərçivəsində görülən işlərlə bağlı məruzələrlə çıxış etdilər.

Konfransa yekun vuran Prezident İlham Əliyev bildirdi ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət Proqram"ının icrası şəhərimizin abadlaşması üçün böyük təkan olub. Dövlətimizin başçısı bundan sonra da Bakı və onun qəsəbələrinin infrastruktur məsələlərinə daha böyük diqqətin göstərilməsinin vacibliyini vurğuladı. Gələcəkdə yeni elektrik stansiyalarının tikintisi, qazlaşdırma, içməli su və kanalizasiya, istilik sistemi layihələrinin davam etdirilməsinin zəruriliyini bildirən Azərbaycan Prezidenti lift təsərrüfatının yenidən qurulması, yaşayış binalarının həyətlərinin abadlaşdırılması, yeni yolların, yol qovşaqlarının salınması, ictimai nəqliyyat sahəsində vəziyyətin yaxşılaşdırılması, yeni metro stansiyalarının tikilməsi ilə bağlı tapşırıqlarını verdi.

Prezident İlham Əliyev Bakıda yeni yaşayış binalarının tikintisinə nəzarətin gücləndirilməsinin vacibliyinə toxunaraq daha çox paytaxtda park və istirahət məkanlarının yaradılmasının diqqət mərkəzində saxlanmasının zəruriliyini bildirdi.

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq baxımından gələn ilin həlledici il olacağını da vurğulayan dövlətimizin başçısı 2014-cü ildə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının qəbul ediləcəyini diqqətə çatdırdı.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...