Bahar Muradovadan ABŞ missiyasının bəyanatına münasibət

Bahar Muradovadan ABŞ missiyasının bəyanatına münasibət

"Anar Məmmədlinin bu qədər önəmli bir şəxsiyyət olduğu qənayətində deyiləm. Görünür, hansısa dairələrin maraqlarına uyğun fəaliyyət sərgilədiyi üçün bu cür fikirlər səsləndirilir. Dünyanın bir çox ölkələrində insanları narahat edən hadisələr baş verir. Bu cür hadisələrə münasibət bildirmək olar. Əlbəttə ki, verilən bəyanatlar, söylənilən fikirlər müəyyən bir çərçivədə olmalıdır". SİA-nın məlumatına görə, bunu Milli Məclis sədrinin müavini Bahar Muradova Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədlinin barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsi və buna görə bir sıra beynəlxalq və xarici qurumların tənqidi bəyanatlar yayması məsələsinə münasibət bildirərkən deyib.

Vitse-spiker bildirib ki, hər kəs özünün statusunu, səlahiyyət çərçivəsini, ölkələr arasındakı müqavilələri və beynəlxalq hüquq prinsiplərini nəzərə almalı, bu prinsiplərə uyğun münasibət sərgiləməlidir: "Müstəqil bir dövlətin qanunları ilə digər şəxsə qarşı inzibati və cinayət məsuliyyətinə cəlb etməklə tədbirlər görülürsə, bunun haqqında heç bir araşdırma aparmadan yalnız özünün subyektiv mövqeyinə və yaxud da digər şəxsə, qrupa, onların fəaliyyətinə olan simpatiyasına görə bu şəkildə münasibət bildirmək zərərlidir. Bəyanat verənlər ayrı-ayrı dövlətlərin rəsmiləri olduqda, bu ölkələrin xalqlarına və rəsmi siyasətini həyata keçirən qüvvələrin mövqeyinə mənfi təsir göstərir. Ona görə bunlar müəyyən çərçivələri gözləməklə edilməlidir. Çox təəssüf ki, bəzi hallarda belə göstərişlər verilir. Bu göstərişlərin də yerinə yetiriləcəyinə ümid edilir. Amma Azərbaycan bu günə qədər göstərib ki, müstəqil siyasət yeridir".

Qeyd edək ki, ABŞ-ın ATƏT-dəki Missiyasının rəhbəri, səfir Daniel B.Baer Vyanadakı Daimi Şuraya dekabrın 19-da bəyanat təqdim edib. Bəyanatda deyilir ki, ABŞ son dövrlərdə Azərbaycanda vətəndaş cəmiyyətinə təsir edən hadisələrin baş verməsindən, o cümlədən SMDTM sədri Anar Məmmədlinin barəsində üç aylıq həbs qətimkan tədbirinin seçilməsindən dərin narahatlıq keçirir.

Bütün xəbərlər Facebook səhifəmizdə