Ramin Məmmədov: "2014-cü il YAP gəncləri üçün uğurlu il olacaq"

Ramin Məmmədov: "2014-cü il YAP gəncləri üçün uğurlu il olacaq"

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Gənclər Birliyinin sədr müavini Ramin Məmmədovun SƏS TV–yə müsahibəsi:

- Ramin müəllim, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin beynəlxalq əlaqələrilə ilə bağlı nə deyə bilərsiniz?

- Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi ilə bağlı söhbətimizə başlamazdan əvvəl partiyanın özünün beynəlxalq münasibətlərinin çərçivəsində aparılan strateji xətdən bəhs etmək istərdim. Ölkə başçısı, o cümlədən, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev həm ölkə daxilində, həm də ölkədən xaricdə beynəlxalq müstəvidə keçirilən tədbirlərə son dərəcə diqqətlə yanaşaraq, ölkəmizin təmsil olunmasının vacibliyini dəfələrlə xüsusi olaraq vurğulayıb. Məhz, bu səbəbdən də paytaxtımız Bakı şəhəri beynəlxalq tədbirlərin keçirilmə məkanı olub. Paytaxtımız bir sıra dünya miqyaslı tədbirlərə ev sahibliyi edib və proses bundan sonra da daha sürətlə davam edəcək. Buna misal olaraq, hal-hazırda ölkəmizdə baş tutan "Şahdəniz-2" müqaviləsinin imzalanma mərasimini göstərə bilərik. Təbii ki, bu kimi beynəlxalq tədbirlərə ölkəmizin ev sahibliyi etməsi və ön sıralarda getməsi biz gənclərə stimul verir. Biz cənab prezidentimizin atdığı addımlardan qürurlanaraq, ölkəmizin və partiyamızın nailiyyətlərini bir sıra beynəlxalq təşkilatlar çərçivəsində dünyaya bəyan etməkdəyik.

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi uzun illərdir ki, beynəlxalq əlaqələrin inkişafına mühüm önəm verərək, bir sıra nailiyyətlər əldə etməyə müyəssər olub. Nəzərinizə çatdırmaq istərdim ki, son bir ay ərzində Gənclər Birliyinin dəvəti ilə azərbaycanlı gənclərin xaricdə o cümlədən, əcnəbilərin də ölkəmizdə iştirakı təmin olunub. Bildiyiniz kimi, qardaş Türkiyənin hakim partiyasının Gənclər Birliyinin nümayəndə heyəti Azərbaycana səfər edib. Bu səfər çərçivəsində iki ölkə arasında mövcud olan dərin dostluq və qardaşlıq münasibətlərinin zəruriliyi barədə önəmli fikirlər bildirilib. Bu qardaşlığın nəsildən-nəslə ötürülməsinfə üçün sözsüz ki, gənclərin rolu vacibdir. Məhz, bu səbəbdən də, biz hər iki ölkənin gəncləri arasında mövcud olan yüksək səviyyəli münasibətləri inkişaf etdirmək üçün bir sıra ikitərəfli razılaşmalara imza atdıq.

Partiyanın Gənclər Birliyi olaraq, bu yaxınlarda əldə etdiyimiz daha bir nailiyyəti nəzərinizə çatdırmaq istərdim. Belə ki, bu yaxınlarda biz İsrail dövlətinin "İsrail Bizim Evimizdir" partiyasının dəvəti ilə sözügedən ölkəyə səfər etdik. Səfər çərçivəsində burada bir sıra mühüm görüşlər keçirdik. Mən özüm şəxsən son günlərdə Yunanıstanın Afina şəhərinə yola düşərək, burada Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı olan Avropa Demokratik Tələbələr qurumunun şura iclasında iştirak etdim. Burada Yeni Azərbaycan Partiyasının Gənclər Birliyini təmsil edərək, müəyyən razılaşmalar əldə etmişəm.

- Qeyd etdiyiniz kimi, bir sıra xarici ölkələrin gənclər təşkilatlarının nümayəndələri, eyni zamanda, sizin nümayəndələr qarşılıqlı dəvət əsasında ölkəmizdə və xaricdə bir sıra görüşlər keçirir. Son səfərlərinizdən olan Türkiyə, İsrail və Yunanıstanda baş tutan görüşlər barədə ətraflı olaraq nə deyə bilərsiniz?

- Səfərdə olduğumuz hər iki dövlət ölkəmiz üçün strateji əməkdaşlıq baxımdan olduqca mühüm əhəmiyyət kəsb edir. Bu yaxınlarda səfərdə olduğum qardaş Türkiyədə də görüşlərimiz baş tutub. Ölkəmizin qardaş ölkə ilə ən yüksək səviyyədə cərəyan edən dostluq münasibəti hər kəsə bəllidir. Azərbaycan-Türkiyə arasındakı qardaşlıq münasibəti uzun illərə, hətta, əsrlərə hesablanmış bir münasibətdir. Bu münasibəti qoruyaraq, nəsildən-nəslə ötürmək isə biz gənclərin üzərinə düşən başlıca vəzifədir.

İsrail dövləti haqqında bəhs edərkən xüsusi vurğulamaq istərdim ki, bu dövlətin dünya arenasında Azərbaycana qarşı tutduğu mövqe olduqca müsbətdir. Sözügedən dövlət bir çox məsələlərdə ölkəmizi dəstəkləməkdədir. Son zamanlarda iki ölkə arasında ticari dövriyyənin artması da strateji əhəmiyyətin vacibliyindən xəbər verir. Eyni zamanda, keçmişdə İsrailə üz tutmuş, orada mühacir həyatı yaşayan bir çox vətəndaşlarımız da var. Onlar sözügedən ölkədə vətənlərinin təbliğatı mövzusunda olduqca fəaldırlar. Mən də məhz, onların bu kimi atdığı addımları qiymətləndirərək, bu istiqamətdə bir sıra təşəbbüslər irəli sürdüm. Onların Azərbaycanla əlaqələrinin itirilməməsi üçün tədbirlər haqqında real təkliflərimi bildirdim.

Partiyamızın Gənclər Birliyi olaraq reallaşdırdığımız Yunanıstan səfəri barədə də məlumat vermək istərdim. Belə ki, Avropa parlamentində böyük fraksiya kimi tanınan Avropa Xalqları Partiyası ilə əlaqə qurmaq, onun Gənclər Birliyi ilə əlaqə yaratmaq ölkəmiz üçün önəm daşıyacaq bir səfərdir. Nəzərinizə çatdırmaq istərdim ki, biz sözügedən partiyanın gənclər birliyi olan Avropa Demokratik Tələbələr təşkilatı ilə uzun illərdən bəridir ki, əməkdaşlıq edirik. Biz Afina şəhərində baş tutan görüş çərçivəsində partiyamızın təqdimatını geniş şəkildə həyata keçirdik.

Xüsusi olaraq qeyd etmək istərdim ki, bu kimi strateji əhəmiyyətli ölkələrdə keçirdiyimiz görüşlər 2014-cü ilin Yeni Azərbaycan partiyasının Gənclər Birliyi üçün uğurlu il olacağından xəbər verir.

- Aydındır ki, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin ölkə daxilində əldə etdiyi uğurlar özünü ölkə xaricindəki beynəlxalq münasibətlərində də göstərir. Bu mənada YAP Gənclər Birliyi olaraq qarşıda duran planlarınız nədən ibarətdir?

- Ölkə daxilində aparılan uğurlu siyasət və YAP gənclərinin beynəlxalq arenada nüfuzu bizim gənclərə daha da geniş miqyaslı təşəbbüslər irəli sürməyə təkan verir. Az öncədə qeyd etdiyimiz kimi, 2014-cü il YAP Gənclər Birliyi üçün uğurlu il olacaq. Bu fikri səsləndirməyimin əsasları var.

Belə ki, 2014-cü ildə bizim bir çox beynəlxalq təşkilatlara üzvlük məsələmiz gündəmdə olacaq. Biz Avropa Demokrat Tələbələr Birliyinin üzvü olmaq, müşahidəçi statusu almaq istiqamətində ciddi addımlar atmağı planlaşdırırıq. Qarşıda duran digər bir məsələ Avropa Xalqları Partiyası ilə əməkdaşlıq edən gənclər təşkilatına üzv olmaqdır. Biz eyni zamanda, Azərbaycanla strateji baxımdan maraqlı olan və bu istiqamətdə addımlar atan digər ölkələrin gənclər təşkilatlarına da üzv olmağı qarşıya məqsəd qoymuşuq.

Bütün xəbərlər Facebook səhifəmizdə