Politoloq: “Həmsədrlərin regiona səfəri münaqişənin həllinə yeni impuls qoymalıdır” AÇIQLAMA

Politoloq: “Həmsədrlərin regiona səfəri münaqişənin həllinə yeni impuls qoymalıdır” AÇIQLAMA

"Zənnimcə, həmsədrlərin regiona son səfəri digər səfərlərdən fərqlənməlidir". Bu sözləri SİA-ya politoloq Qabil Hüseynli ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə Minsk qrupunun həmsədrlərinin regiona səfərinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, ATƏT və Minsk qrupunun daxilində Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı vəziyyətin dalandan çıxarılması istiqamətində ciddi fikirlər dolaşmaqdadır.

Politoloq vurğulayıb ki, həmsədrlərin regiona səfəri Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni impuls verməlidir: "Əgər həmsədrlər obyektiv olsalar və tərəfkeşlik etməsələr, Dağlıq Qarabağ probleminin həllinin tənzimlənməsində müsbət rol oynaya bilərlər. Düzdür, onlar iddia edirlər ki, məsələnin həllində yalnız vasitəçilik edirlər və kiməsə təzyiq etmək imkanları yoxdur. Amma əslində isə Ermənistana təzyiq etməlidirlər. Çünki, Ermənistan təcavüzkar dövlətdir və Azərbaycan torpaqlarını işğal edib. İşğalçı ilə işğala məruz qalan ölkə arasında fərq olmalıdır. Əgər həmsədrlər bundan sonra da tərəflərin günahlarını bərabərləşdirmək siyasətinə əl atsalar, o zaman heç bir nəticə əldə olunmayacaq. Amma mən inanıram ki, bu dəfə bir çox qurumlar nəticə üçün çalışır".

Qeyd edək ki, münaqişəsinin nizamlanması üzrə Minsk Qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik dekabrın 15-də ölkəmizə səfər edib və səfər çərçivəsində Prezidenti İlham Əliyevlə görüşüblər. Daha sonra həmsədrlər İrəvanda olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə