Aydın Hüseynov: "Milli Şuranın bu günkü “mitinqi” bir daha onların insanlar tərəfindən dəstəklənmədiyini isbatlamış oldu"

Aydın Hüseynov: "Milli Şuranın bu günkü “mitinqi” bir daha onların insanlar tərəfindən dəstəklənmədiyini isbatlamış oldu"

Milli Şuranın bu günkü "mitinqi" bir daha onların insanlar tərəfindən dəstəklənmədiyini və radikal müxalifət daxilində parçalanmaların olduğunu isbatlamış oldu. Bunu SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov deyib.

Aydın Hüseynov bildirib ki, Milli Şuranın mitinq adlandırdığı toplantıda 700 nəfərdən çox insan olmayıb: "Milli Şuranın "mitinq" keçirdiyi ərazinin iri yaşayış binaları ilə əhatələnməsinə, həmçinin, şəhərin mərkəzi hissəsi olmasına baxmayaraq, onlar bir normal toy məclisinin qonaqları qədər insanı meydana yığa bilmədi. Bu da onu göstərir ki, Milli Şuranın cəmiyyət daxilində nüfuzu və dəstəyi yoxdur. Əgər avqustun 18-də və sentyabrın 22-də Milli Şuranın keçirdiyi "mitinqlərə" 1000 nəfərə yaxın adam yığılırdısa, bu dəfəki piketə heç 700-dən çox tərəfdar yığa bilmədilər".

YAP Siyasi Şurasının üzvü deyib ki, "mitinq" yanacağın qiymətinin Tarif Şurası tərəfindən artırılması motivi ilə keçirilsə də, orada qiymət artımına etirazı ifadə edən hər hansı şuar səsləndirilmədi: "Əksinə, müxalifətdaxili razılaşma pozularaq, köhnə şüarlar səsləndirilib. Göründüyü kimi, radikal müxalifətin özü də başa düşür ki, qiymət artımı sırf iqtisadi proseslərin məntiqi nəticəsidir. Elə insanların da "mitinqə" dəstək verməməsi onların hakimiyyətin yürütdüyü sosial-iqtisadi siyasəti dəstəklədiyini ifadə etdi".

Bütün xəbərlər Facebook səhifəmizdə