İƏT Xarici işlər nazirləri şurasının 40-cı sessiyası keçirilib

İƏT Xarici işlər nazirləri şurasının 40-cı sessiyası keçirilib

Qvineyanın paytaxtı Konakri şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici işlər nazirləri şurasının "Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili" adı altında 40-cı sessiyası keçirilib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikasını xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Tədbirdə nazir Elmar Məmmədyarov çıxış edərək, diqqəti Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfəsi, İƏT ölkələri və üzv dövlətlər ilə əməkdaşlığın inkişafı məsələlərinə və Ermənistanın Azərbaycana təcavüzü və onun doğurduğu ağır fəsadlara çəkib.

İclasın nəticəsi olaraq, İƏT üzv ölkələrinin xarici işlər nazirlərinin şurası tərəfindən qəbul edilib, yekun Konakri bəyanatında Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilib, və Ermənistan silahlı qüvvələrinin dərhal işğal olunan Azərbaycan ərazilərindən çıxarılması tələb olunub.

Yekun bəyanatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifi əsasında Bakıda İƏT-in əmək məsələləri üzrə mərkəzinin yaradılması barəsində İƏT-in 2013-cü ilin 25-26 aprel tarixlərində Bakıda keçirilən iclasında İƏT əmək nazirlərinin konfransının qəbul etdiyi qərar və Azərbaycanın bu mərkəzə ev sahibliyi etməsi alqışlanıb.

2014-cü ilin noyabrında İƏT üzv dövlətlərinin inkişafında qadınların roluna dair nazirlər konfransının 5-ci sessiyasının Azərbaycanda keçirilməsi barəsində qərar da yekun bəyanatda İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən təqdir olunub.

İƏT Xarici işlər nazirlərinin şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni izlərin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul edilib.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT xarici işlər nazirlərinin şurası tərəfindən qəbul olunan qətnamədə "Xocalıya Ədalət" kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapıb.

Həmin bəndə əsasən İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən "Xocalıya Ədalət" beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılırlar.

Xatırladaq ki, bu ilin 6-7 fevral tarixində Misirin paytaxtı Qahirə şəhərində keçirilən İƏT Zirvə toplantısında qəbul edilən Qahirə yekun kommunikesində İƏT üzv ölkələrinin dövlət və hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım əməlləri insanlığa qarşı cinayət kimi qiymətləndirilib və insanlığa qarşı cinayət olan bu soyqırım əməlinin milli və beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə