Brüsseldə Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib

Brüsseldə Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının növbəti iclası keçirilib

Brüsseldə Avropa İttifaqı - Azərbaycan Əməkdaşlıq Şurasının 14-cü iclası keçirilib. Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı Səfirliyi Avropa İttifaqı yanında Nümayəndəliyindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib. Avropa İttifaqını isə hazırkı Aİ Sədrliyi tərəfindən Litva Respublikasının xarici işlər naziri Linas Antanas Linkevičius və Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə Avropa Komissarı Ştefan Füle təmsil edib.

Rotasiya prinsipi üzrə hazırkı iclasa Azərbaycan tərəfi sədrlik edib.

Azərbaycan xarici işlər nazirinin müavini Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında Aİ tərəfinə məlumat vermiş, münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq və Avropa Qonşuluq Siyasəti üzrə Aİ-Azərbaycan Fəaliyyət Planında göstərildiyi kimi dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət əsasında həllinin vacibliyini vurğulamış və münaqişənin nizamlanması ilə bağlı Aİ-nin qəti mövqeyinin ifadə olunmasının əhəmiyyətini qeyd edib.

Danışıqlar çərçivəsində Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı formatında aparılmış fəaliyyət və gələcək əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər Aİ ilə Azərbaycan arasında Assosiasiya Sazişi üzrə aparılan danışıqlarda əldə olunmuş nailiyyətləri alqışlamış və müzakirələrin davam etdirilməsinin əhəmiyyətini qeyd ediblər. Aİ ilə Azərbaycan arasında viza sadələşdirilməsi sahəsində Sazişin, Yerdəyişmə üzrə Tərəfdaşlıq barədə Birgə Bəyannamənin imzalanması və readmissiya üzrə saziş üzərində işin tamamlanması və ən yaxın müddətdə imzalanacağı alqışlanıb.

Eyni zamanda Aİ ilə Azərbaycan arasında gündəlikdə olan enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın mühüm rolu, Cənubi Qaz Dəhlizinin reallaşdırılmasında TANAP və TAP layihələrinin müstəsna əhəmiyyəti xüsusilə vurğulanıb. Nəqliyyat sahəsinə gəldikdə isə, Azərbaycanın təşəbbüskarı olduğu Bakı-Tiflis-Qars dəmir yolunun bölgə üçün strateji əhəmiyyəti qeyd olunub

Azərbaycanda aparılan islahatlara da toxunularaq ASAN xidmətinin fəaliyyəti alqışlanıb. Aİ tərəfi aparılan islahatları dəstəlkədiyini bəyan etmiş və bu sahədə istənilən yardımın göstərilməsinə hazır olduğunu bildirib.

Rəsmi iclasdan sonra müzakirələr işçi nahar yeməyi arxasında davam etdirilib. Nahar yeməyi zamanı Aİ ilə münasibətlərin indiki vəziyyəti və inkişaf perspektivləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, enerji təhlükəsizliyi, habelə regionda gedən digər proseslər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə