Ağsaqqallar Şurası Ulu öndər Heydər Əliyevi anıb YENILƏNİB

Bu gün Ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə Ağsaqqallar Şurasının yığıncağı keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov, AMEA-nın prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, ARDNŞ-ın vitse-prezidenti Xoşbəxt Yusifzadə və digər şəxslər iştirak edib.

Tədbirdə çıxış edən Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov deyib ki, Ümummilli lider Heydər Əliyev hakimiyyətə gəldiyi andan etibarən Azərbaycanın parçalanmadan xilas etdi və bütün dünyaya ölkəmizin birliyini nümayiş etdirdi: "Ümummilli lider Heydər Əliyev öz xalqına, dövlətinə və torpağına sadiq şəxsiyyət idi. Ulu öndərsiz illər çox faciəli olub. Ölkəmiz 20-30 mindən artıq şəhid verib. Eləcə də həmin illərdə 30 minə yaxın insan əlil vəziyyətinə salınıb. Məhz, dövlətimizin qayğısı və diqqəti sayəsində əlillərin problemləri öz həllini tapır. Ulu öndərin hakimiyyətdə olmadığı illərdə Azərbaycanın 20 faiz torpağı erməni silahlı qüvvələri tərəfindən işğal edildi və 1 milyondan artıq insan öz doğma yurd-yuvalarından didərgin düşdü. Məhz Ümummilli lider Heydər Azərbaycanda hakimiyyətə gəldikdən sonra Azərbaycanı bu bəladan qurtardı və Azərbaycanı işıqlı gələcəyə aparan möhkəm siyasətin əsasını qoydu. Bu gün Ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirir. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasət nəticəsində Azərbaycan dünyanın sayılıb-seçilən, hər kəsin hesablaşmağa məcbur olduğu dövlətə çevrilib".

Daha sonra çıxış edən QMİ-nin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə vurğulayıb ki, dünya tarixində elə şəxsiyyətlər var ki, onlar öz xalqına mənsub olmurlar: "Amma Ulu öndər Heydər Əliyev istisna olaraq daim xalqının və dövlətinin yanında olub. Ümummilli lider haqqında yazılanlar, çəkilən filmləri biz görür və şahidi oluruq. Ulu öndər Heydər Əliyev Azərbaycanın yeni tarixini yazdı, yaratdı və bu tarix yaşamaqdadır. Dahi şəxsiyyət, ictimai-siyasi həyatın bütün sahələrini fəth etmişdi, eləcə də din-dövlət münasibətlərinin qurulmasına əsaslı zəmin yaratmışdı. Ulu öndər Azərbaycanı milli, vətəndaş qırğınlarından, eyni zamanda ölkəmizi parçalanmaqdan xilas etdi. Dahi şəxsiyyət cismən bizlə olmasa da, ruhən hər zaman yanımızdadır".

Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının dahi şəxsiyyətlərindən biri olduğunu vurğulayan Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, YAP Sədrinin müavini Akif Əlizadə bildirib ki, onun irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılması çox böyük əhəmiyyətə malikdir.

AMEA prezidenti Ulu öndər Heydər Əliyevin Azərbaycan elminin inkişafındakı rolunu xüsusilə qeyd edib.

Daha sonra çıxış edən ARDNŞ-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib ki, Ümummilli lider Heydər Əliyevlə ilk dəfə 1968-ci ildə Qum adasında Moskvadan gələn nümayəndə heyətinin tərkibində olarkən tanış olub: "Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başladıqdan sonra neft sənayesindəki geri qalmaları təhlil etdi. 70-ci illərdə neft sənayesinin inkişafını sahmana salmaq üçün plenum çağırdı. Ulu öndər Heydər Əliyev hakimiyyətə gələnə qədər dənizdən hasil edilən neft cəmi 40 metr dərinlikdə çıxarılırdı. Daha sonra neft sənayesinin inkişafı üçün Ulu öndər Heydər Əliyev "Bakı Dərin Özüllər Zavodu"nun tikintisinə nail oldu. Bu kimi islahatçı addımlardan sonra neft sənayesi dirçəlməyə başladı".

Azərbaycan Prezidenti Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə deyib ki, vaxtilə Ulu öndər Heydər Əliyevin qətiyyəti, ardıcıl fəaliyyəti sayəsində Azərbaycan yenidən dirçəldi və inamla gələcəyə doğru addımlamağa başladı.

Daha sonra digər çıxış edənlər dahi şəxsiyyət Heydər Əliyev haqqında xatirələrini və fikirlərini bölüşüblər.

Yığıncağa Ümummilli liderin həyat və fəaliyyətini əks etdirən videoçarxla yekun vurulub.

Elvin Abdulqədirov

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...