Vahid Əhmədov: "Ukraynada baş verənlərin Azərbaycanda yaşanması mümkün deyil" MÜSAHİBƏ

Millət vəkili Vahid Əhmədovun SİA-ya müsahibəsi:

- Vahid müəllim, noyabrın 28-29-da Vilnüsdə keçirilən Avropa İttifaqının III "Şərq tərəfdaşlığı" Sammitində Azərbaycan ilə qurum arasında viza rejiminin sadələşdirilməsi haqqında imzalanan sazişi ölkəmizin Avropaya inteqrasiyasında yeni mərhələnin başlanğıcı hesab etmək olar?

- Vilnüsdə keçirilən sammit bütün dünyanın diqqətini özünə cəlb etdi. Çünki sammitdə əsas Avropaya inteqrasiya məsələsi öz həllini tapmalı idi. Moldova Gürcüstanla birlikdə Avropa İttifaqı ilə qonşuluq siyasətinə imza atdılar. Azərbyacan isə xüsusi əhəmiyyət kəsb edən viza rejiminin sadələşdirilməsinə dair saziş imzaladı.

Dövlət başçısı faktiki olaraq, Azərbaycanda balanslaşdırılmış siyasət həyata keçirir. Bu siyasət ölkəmizin beynəlxalq təşkilatlarla, Avropa dövlətləri ilə əlaqəsi üçün olduqca əlverişli şərait yaradır. Sazişi imzalamaqla ölkə Prezidenti bir daha sübut etdi ki, Azərbaycan hər zaman öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetririr. Sazişin imzalanmasında əsas məqsəd Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə gediş-gəlişinin sadələşdirilməsi və Avropa turistlərinin ölkəmizə gediş-gəlişinin təmin olunmasıdır. Üstünlükləri isə ondan ibarətdir ki, vətəndaşlarımız viza üçün 60 avro əvəzinə 35 avro ödəyəcəklər. Sənədlərin sayında azalma müşahidə olunmaqla viza artıq 2-3 günə həll olunacaq. Ən vacib məsələ kimi onu da qeyd edim ki, bir sıra kateqoriyadan olan insanların ümumiyyətlə vizasız gediş-gəlişləri məsələsi bu sənəddə öz əksini tapır. Sözügedən saziş ölkəmizin iqtisadi cəhətdən inkişafına, investisiya yatırımlarına da müəyyən təsirini göstərəcək.

- Bu gün Azərbaycan regionda əsas enerji layihələrinin təşəbbüskarı kimi bütün dünyanın diqqət mərkəzindədir. Demək olarmı ki, Avropa Azərbaycanla əməkdaşlığa daha çox maraq göstərir?

- Vilnüs sammitində Ukrayna dövlətinin assosiativ müqaviləyə imza atmaması bu ölkədə gərginliklə müşahidə olunur. Amma Azərbaycanda belə bir problem yoxdur. Azərbaycan Avropaya neft və qaz ixrac edən ölkə kimi olduqca əhəmiyyətlidir. Avropa dövlətləri Rusiya və digər ölkələrdən ala bilməyəcəyi enerji daşıyıcılarını məhz Azərbaycandan almaq istəyirlər. Bu baxımdan da dövlətimiz siyasi və iqtisadi siyasətini yüksək səviyyədə həyata keçirir. ABŞ, İngiltərə, Almaniya, Fransa kimi nəhəng dövlətlər ölkəmizə küllü miqdarda sərməyə yatırıblar ki, bunun da həcmi 30-40 milyard dollar məbləğində hesablanır. Sərmayələrin qorunub saxlanılmasında hər bir ölkə öz növbəsində maraqlıdır. Ulu öndər tərəfindən imzalanan neft və qaz müqavilələri hazırda cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Qonşu dövlətlərimiz olan Rusiya və İran müqavilələr çərçivəsində həyata keçirilən proqramlara maneə törətmək istəsələr də, Azərbaycan müstəqil siyasətini həyata keçirərək öz layihələrini reallaşdırdı. Ümumiyyətlə, regionda həyata keçirilən layihələr Azərbaycanla razılaşdırılır.

- Vilnüsdə keçirilən sammitdən sonra Avropa İttifaqına üzv olan ölkələrin hökümət və dövlət başçılarının Azərbaycan prezidenti ilə görüşə böyük maraq göstərməsi nədən qaynaqlanır?

- Ölkəmizdə olan stabillik, dini tolerantlıq, qonşu dövlətlərlə münasibət Avropaya, dünyaya məlum olduğu üçün bizimlə tərəfdaşlıq etməyə maraqlıdırlar. Ölkə prezidenti inaqurasiya mərasimində birmənalı olaraq qeyd etdi ki, Azərbaycan müstəqil dövlət olaraq müstəqil siyasət aparır. Bütün dövlətlərlə qarşılıqlı münasibət çərçivəsində layihələrini həyata keçirir. Bizim Ermənistanı çıxmaq şərti ilə heç bir dövlətlə ciddi ədavətimiz yoxdur. Nə zaman Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından əl çəkəcək o zaman onlarla hansısa layihə ətrafında müzakirə aparacağıq. Azərbaycan hökümətinin apardığı siyasət gizlin deyil açıq şəkildə həyata keçirilir.

- Son zamanlar Rusiyada azərbaycanlılara qarşı təziqlər, İran sərhəddində baş verən xoşagəlməz olaylar ölkəmizin dünyadakı yeri və rolunun möhkəmlənməsindən narahat olan qüvvələrin olduğunu göstərən amil sayıla bilərmi?

- Xüsusilə prezident seçkilərindən sonra baş verən olaylar Gömrük İttifaqı və Avrasiya İttifaqı ilə bağlı idi. Azərbaycanlıların işlədikləri bazarların bağlanması, soydaşlarımıza qarşı edilən təyziqlər birbaşa bizi Gömrük İttifaqına daxil etməkdən ibarət atılan addım idi. Düşünürəm ki, Ermənistanın bu ittifaqda təmsil olunmağı bizim ittifaqa üzv olmağımızı şübhə altına salır. Rusiyanın məqsədi post Sovet ölkələrini öz əsarətinə salmaqdan ibarətdir. Bütün dünya bilir ki, Azərbaycanı heç kim güc yolu ilə nəyəsə vadar edə bilməz. Ölkəmiz Ümumdünya Ticarət Təşkilatına daxil olmağa üstünlük verir və bu istiqamətdə işlər aparılır.

- Rusiyanın vahid Gömrük İttifaqı ideyası post Sovet ölkələrinə nələri vəd edir. Ukraynada baş verən hadisələr Moskvaya dirəniş göstərən digər ölkələrdə də təkrarlana bilərmi?

- Bəzi ekspertlər var ki, Azərbaycanla Ukraynanı müqayisə edirlər. Mən isə müqayisə etmək istəməzdim. Çünki Ukrayna enerji daşıyıcılarına görə məhdud bir ölkədir. Neft və qaz hasilatı olsa da, çox aşağı səviyyədədir. Ukrayna Rusiyadan asılı bir dövlətdir. Rusiya qazı Ukrayna vasitəsilə Avropa dövlətlərinə çıxarılır. İldə bir neçə dəfə gərginliklər yaradılır və s. Ölkəmizin isə karbohidrogen ehtiyatları kifayət qədərdir. Özünü təmin etməklə yanaşı Avropaya da yetərincə neft-qaz ixrac edir. Bu baxımdan ölkələri eyniləşdirmək olmaz. Bizə təyziq metodu kimi yalnız miqrantları hədəf götürürlər. Bu məsələnin yaxın zamanda həll olunmasını gözləyirik. Ukraynada baş verən hadisələrin Azərbaycanda yaşanması heç bir halda mümkün deyil.

İntizarə MƏMMƏDOVA

Bütün xəbərlər Facebook səhifəmizdə