Sahibə Qafarova: “Ermənistana qarşı təzyiqlərin artırılması qaçılmaz bir reallıqdır” MÜSAHİBƏ

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Sahibə Qafarovanın SİA-ya eksklüziv müsahibəsi:

-Sahibə xanım, Azərbaycanın xarici siyasət kursunda beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi mühüm yer tutur. Siz, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi ölkəmizin adı çəkilən təşkilatla əlaqələrini necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə, Azərbaycanın beynəlxalq təşkilatlarda mövqeyinin möhkəmləndirilməsi, rolunun artırılması, həmin təşkilatların tribunasından səmərəli istifadə edilməsi ölkəmizin xarici siyasət doktrinasında ən önəmli istiqamətlərdən biridir. Uzun illər ərzində formalaşdırılmış bu münasibətlər artıq konkret və praktik nəticələrə gətirib çıxarır. Azərbaycan dünyanın siyasi taleyini həll edən və bu kontekstdə çox vacib paya sahib olan qurumlarda ölkəmizinin taleyüklü məsələlərinin qaldırılmasına və onun həllinə nail olmaq üçün ciddi ideoloji iş aparır. Gələcək illərdə də bu iş davam etdiriləcək, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün praktik addımlar atılacaq.

- Azərbaycanın Avropa Şurası ilə əməkdaşlığı ümumilikdə ölkəmizə hansı nəticələri verib və bu əlaqələri yetərli hesab etmək olarmı?

- Avropa Şurası ilə əməkdaşlıq ölkəmizdə demokratik islahatların daha da dərinləşməsi, demokratik təsisatların inkişaf etdirilməsi, ölkəmizdə Avropa dəyərlərinin möhkəmlənməsi, insan hüquqlarının daha effektiv şəkildə qorunması prosesinə yardım edib. Azərbaycan Respublikası bu gün Avropa Şurası ilə ən müxtəlif sahələrdə qarşılıqlı-faydalı münasibətlər quraraq səmərəli əməkdaşlıq həyata keçirir. Təşkilata üzv dövlətlərlə əlaqələrin genişləndirilməsi ölkələrimizin bir-birinə daha da yaxınlaşmasına və qarşıya çıxa biləcək problemlərin aradan qaldırılmasına əlverişli zəmin yaradır. Avropa Şurası Azərbaycanın problemlərinin həllinə həssas yanaşır, ölkəmizin əsas problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini mütəmadi olaraq gündəmdə saxlayır. Azərbaycan bu quruma üzv olan digər ölkələrlə də əməkdaşlığın daha geniş spektrlərini əhatə etməsi, genişlənməsi üçün əməli addımlar atır. Eyni zamanda, Azərbaycan da öz tarixi, mədəni dəyərləri ilə Avropa ailəsinin zənginləşməsinə töhfəsini verməkdədir.

Əlbəttə ki, biz iki tərəf arasında səmərəli əməkdaşlığın nəticələrini oktyabrın 9-da keçirilən seçkilərə münasibətdə də aydın şəkildə gördük. Hesab edirəm ki, Azərbaycanla AŞ PA arasındakı münasibətləri yüksək qiymətləndirmək olar və bu əlaqələrin daha da inkişafı hər iki tərəfin marağına tam cavab verir.

- Ermənistan işğal etdiyi Azərbaycan ərazilərində narkotik vasitələrin becərilməsilə məşğul olur. Hətta, Rusiya mətbuatı Azərbaycan torpağı olan Qarabağı ermənilər tərəfindən tanınmaz dərəcədə pis hala gətirildiyindən yazır. Bu AŞPA-da müzakirə mövzusu ola bilərmi?

- Ümumiyyətlə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi təkcə ölkəmiz üçün deyil, eyni zamanda, regionda da bir çox istiqamətlərdə böyük təhlükə mənbəyi yaradıb. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması bölgədə nəzarətdən kənar "boz zona"nın yaranmasına şərait yaradıb ki, bu ərazi də mütəşəkkil cinayətkar dəstələrin öz təhlükəli əməllərini gerçəkləşdirdiyi əlverişli ünvana çevrilib. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan müxtəlif səviyyələrdə keçirilən görüşlərdə və beynəlxalq tədbirlərdə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağda narkotik maddələrin kultivasiya olunması və bu ərazidə istehsal olunan narkotik maddələrin region ölkələrinə gizli yollarla keçirilməsi, oradan isə Avropanın müxtəlif dövlətlərinə daşınması haqqında əsaslı faktları dilə gətirib. Eyni zamanda, Azərbaycan bu məsələnin qarşısının alınması üçün dünyanın əlaqədar təşkilatlarına müraciət ünvanlayıb və beynəlxalq ictimaiyyəti bu təhlükəli fakta qarşı birgə mübarizəyə çağırıb. Son dövrlər əldə olunmuş faktlar təhlükənin kifayət qədər ciddi olduğunu və Azərbaycanın uzun müddətdir ifadə etdiyi həyəcan təbilində haqlılığını ortaya qoyur. Nəzarətsiz qalan Qarabağda iri narkotika plantasiyalarının olması artıq təsdiqini tapıb. Təbii ki, bu kimi faktlar Ermənistandakı kriminal hakimiyyətin və Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış terrorçu rejimin nə qədər təhlükəli olduğunu bir daha nümayiş etdirir. Nəzərə alsaq ki, narkotik maddələrin kultivasiyasından və onun biznesindən əldə olunan gəlirlər, terrorçuluq məqsədilə istifadə olunur, onda regionun gələcəyi üçün hansı təhlükəli perspektivin olduğunu proqnozlaşdırmaq elə də çətin deyil. Ona görə də, bu problemə beynəlxalq ictimaiyyət tərəfindən daha artıq diqqət yetirilməsi və Ermənistana qarşı təzyiqlərin artırılması qaçılmaz bir reallıqdır. Azərbaycan təmsil olunduğu bütün beynəlxalq təşkilatlarda Ermənistan dövlətinin işğalçılıq siyasətinin yaratdığı həm bu, həm də ümumiyyətlə, bu işğalın ağır nəticələri haqqında mütəmadi olaraq məsələ qaldırır və AŞPA-da da bununla bağlı dəfələrlə məsələ müzakirəyə təqdim olunub. Gələcəkdə də bu yöndə müəyyən işlər görüləcək.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə