Əli Həsənov: “Azərbaycanın mənəvi dəyərləri, intellekti dünyada cəlbedici əmsala çevrilib”
"Milləti tanıtmaq üçün millətin nümayəndələrinin hamısını bəlli sahəyə yönəltmək lazım deyil, onların içərisindən ən yaxşı nümunələri seçmək, ən yaxşı liderlik keyfiyyətinə malik olanları seçmək lazımdır. Onların inkişafına ayrıca dəstək verilməlidir, daha rəqabətli vəziyyətə gətirilməlidir və onların vasitəsi ilə də beynəlxalq sistemə çıxmaq lazımdır". SİA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezident Admnistrasiyasının (PA) ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Gənclər Fondunun keçirdiyi tədbirdə çıxışı zamanı deyib.
PA rəsmisinin sözlərinə görə, dövlətimizlə fəxr edirik ki, BMT Təhlükəsizlik Şurasının üzvüdür, Azərbaycan dünyanın iqtisadi, siyasi, sosial, mədəni tədbirlərinin mərkəzinə çevrilib: "Azərbaycan dünyanın ən firavan ölkələrindən birinə çevrilib. Azərbaycanın həm mənəvi dəyərləri, intellekti, həm də inkişaf perspektivləri dünyada cəlbedici əmsala çevrilib. Bizim bütün bu mənəvi, maddi, iqtisadi, sosial, enerji və digər resurslarımız da təkcə Azərbaycan xalqının firavanlığına deyil, bölgənin və dünya ölkələrinin firavanlığına xidmət edir".
Ə.Həsənov həmçinin bildirib ki, bu gün Azərbaycanda dövlət tərəfindən maliyyə dəstəyi alan gənclərin sayı qat-qat çoxdur: "İndi neyləmək lazımdır? Təmsil olunan gənclər, təşkilatlar ətrafına baxmalıdır və həmin gənclərin layihələrə cəlb olunmasını asanlaşdırmalıdır. Bunu asanlaşdırmaq ilə daha çox kontingent cəlb edə bilərlər. Əlbəttə, qrantların miqdarını da artırmaq olar. Əsas odur ki, heç bir təşəbbüs kənarda qalmasın".
İctimai-siyasi məsələlər şöbəsinin müdiri onu da deyib ki, əsas məqsəd dövlət tərəfindən investisiya qoyulması, liderlik qabiliyyəti olan gənci tapmaqdır: "Biz bir gənci liderləşdirməklə sabah o liderin imkanları çərçivəsində dövlətin və millətin bu və ya problemlərini həll edəcəyik. Bir lider bir dövləti xilas edir, bir xalqın inkişafını təmin edir. Biz hər il beş-on belə lider tapıb, məsələn, idmanda lider, mədəniyyətdə lider, siyasətdə lider, ictimai həyatda lider və sair, onların dövlətin vəsaiti ilə inkişaf etdirmək lazımdır".
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB