"İndiki Müsavatla Rəsulzadənin Müsavatı arasında heç bir əlaqə yoxdur"
Məmməd Əmin Rəsulzadənin nəvəsi, əməkdar rəssam Rəis Rəsulzadənin SƏS TV-yə müsahibəsi:
- Prezident İlham Əliyevin Məmməd Əmin Rəsulzadənin 130 illiyik yubileyinin keçirilməsi haqqında verdiyi sərəncamı necə qiymətləndirirsiniz?
- Təbii ki, çox yüksək qiymətləndirirəm. Bu olduqca sevindirici haldır. Hətta bu sərəncamın verilməsi ilə bağlı televiziyada ilk məlumat verilən kimi, şəhərdaxili telefonuma gələn zənglər səngimədi. Hər kəs bu münasibətlə məni təbrik etmək üçün tələsirdi. Mən sizin televiziya vasitəsi ilə də bir daha Prezident İlham Əliyevə öz təşəkkürümü bildirirəm.
- Rəsulzadə irsinin tədqiqatçısı kimi sizin Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı hər hansısa araşdırmanız varmı?
- Mən bu barədə tarixçilər səviyyəsində olmasa da, özüməməxsus şəkildə öyrənirəm. Bu haqda bizim görkəmli tarixçilərimizdən Aydın Balayev, Şirməmməd Hüseynov və digərləri geniş araşdırmalar aparırlar. Onlar nəyinki Azərbaycanda, hətta digər ölkələrdə də bu sahədə bir sıra işlər görüblər. Bizim görkəmli şəxsiyyətimiz Topçubaşovun da bu barədə geniş məlumatları, yazıları var. Bildiyiniz kimi, Sovet quruluşunun mövcud olduğu vaxt bu məsələ barədə hər hansısa araşdırma aparmaq, hətta danışmaq belə yasaq idi. Məlumdur ki, Azərbaycan xalqı türksoylu xalqlar qrupuna aiddir. Bu səbəbdən də onlar XIX əsrin sonu XX əsrin əvvəllərində əsasən dini mənsubiyyətə daha çox üstünlük verərək, Avropa dəyərlərindən uzaqlaşmışdılar. Baxmayaraq ki, xristian dininə məxsus dövlətlər, o cümlədən Avropa dövlətləri bu istiqamətdə türksoylu dövlətlərə təzyiqlər edir, onlara qarşı mübarizə aparırdılar. Rusiyanın müstəmləkəsi olan türksoylu xalqlar içərisində Azərbaycanın da olması bizə bu təzyiqlərin canlı şahidi olmağa sövq edirdi. Rusiya özünəməxsus dəyərləri bizə zor gücünə qəbul etdirməyə, türk xalqlarını öz milli dəyərlərindən və adət-ənənələrindən uzaqlaşdırmağa çalışırdılar. Təbii ki, bu haqsızlığa göz yummayan ziyalılar, böyük şəxsiyyətlər də var idi. Onlardan biri də Məmməd Əmin Rəsulzadədir. Onun əhatəsində olan digər ziyalılar birləşərək əzmlə mövcud quruluşa qarşı mübarizə aparırdılar.
- Bildiyimiz kimi, vaxtilə Məmməd Əmin Rəsulzadə dahi şairimiz Nizami Gəncəvi haqqında kitab yazıb. Xahiş olunur bu barədə bizə məlumat verərdiniz.
- Bir xalqın millət kimi formalaşması üçün onun milli mənsubiyyətinin zəngin olması zəruridir. Milli mənsubiyyət dedikdə buraya dili, dini, adət-ənənəni aid edirik. Lakin düşünürəm ki, bu faktlarda kifayət deyil. Bunun üçün eyni zamanda xalqın özünəməxsus ideologiyası olmalıdır və millət həmin ideologiya əsasında inkişaf etməlidir. Sadaladığım bu amillər birləşərək, milləti millət kimi formalaşdırır. Bu formalaşma əsasında da o, dünyada özünəməxsus yerini tutmuş olur. Səsləndirdiyim fikirlərə misal olaraq Yaponiyanı göstərə bilərəm. Bildiyiniz kimi, yaponlar qısa müddətdə özlərini tanıtmağa müyəssər oldular. Onlar öz adət-ənənələrini böyük ustalıqla dünyaya təqdim etdilər. Həmçinin vahid milli ideologiyanı hər şeydən üstün tutaraq, o xətlə addımladılar. Bu gün onun dünya dövlətləri arasında meydan oxumasının ilkin səbəbi məhz budur. Mən bu fikirləri sizin səsləndirdiyiniz suala əsasən ona görə söylədim ki, farslar hər zaman bizim milli dəyərlərimiz olan Nizami Gəncəvini özününküləşdirməyə çalışır. Məhz bu səbəbdən də Məmməd Əmin Rəsulzadə vaxtilə bu dahi şəxsiyyət haqqında yazı qələmə alıb. Bildiyiniz kimi, o, fars dilini, o cümlədən Osmanlı ədəbiyyatını mükəmməl bilirdi. Məmməd Əmin Rəsulzadə o kitabda olduqca önəmli dəlil və sübutlarla çıxış edərək bildirib ki, Nizami Gəncəvi Azərbaycan şairidir. Hətta bu başlığı kitabın adı kimi istifadə də edib. Hətta onun qələmə aldığı sözügedən kitab dünyada Nizamişünaslıq sahəsində birinci yer tutdu. Sadəcə, o dövrdə Rusiya bu faktla barışmaz mövqe tutaraq, onu ört-basdır etməyə çalışıb.
- Sizin fikrinizcə, sözügedən kitabın latın qrafikasında çıxarılması zərurudirmi?
- Təbii ki, zəruridir. Doğrudur, bu özəl şirkətlər tərəfindən həyata keçirilib. Lakin dövlət səviyyəsində də işıq üzü görməsi təqdirəlayiq hadisə olardı. Bu kitab bizim milli mədəniyyətimizin tərkib hissəsidir. Onu çoxaldaraq şaxələndirmək bizim mədəniyyətimizə xidmət etmək deməkdir.
- Bəzi hallarda tarixi müsavatçılıq amili bəzi siyasətçilər tərəfindən mənimsənilərək özünküləşdirilir. Sizcə, bu kimi halları tarixi mənimsəmə kimi qiymətləndirmək olarmı?
- Müsavat partiyası 1914-cü ildə yaranan zaman ilk milli siyasi partiya olaraq yaranıb. O dönəm ki, Müsavat partiyasının əsas məqsədi xalqı oyatmaq, onu dirçəltmək olub. Lakin Rusiya Azərbaycan Cümhuriyyəti öz müstəqilliyini itirdikdən sonra Rusiya onun fəaliyyətini yasaq etdi. Bundan sonra o öz fəaliyyətini Türkiyədə davam etdirdi. Bu dönəmdə Türkiyənin vəziyyəti ağır olduğundan dövlət rəhbərliyi Müsavat Partiyasına bu ölkədə fəaliyyətini bir müddət dayandırmağı məsləhət gördü. Bundan sonra partiya fəaliyyət göstərmək üçün digər ölkələrə üz tutdu. Lakin indiki Müsavatın o dönəmki Müsavatla heç bir əlaqəsi yoxdur. Məmməd Əmin Rəsulzadənin təşəbbüsü ilə yaradılan Müsavat Partiyasının məqsədi, az öncə də qeyd etdiyim kimi, xalqı yad bir quruluşun, yəni dini dinindən, dili dilindən olmayan hökmranlığın təsirindən xilas etmək idi. Musavat partiyası xalqı, milli-mənəvi dəyərləri məhv etmək istəyən Rus imperiyasına qarşı idi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB