Səfir: “Yaşasın KKTC, Azərbaycan və Türkiyə dostluğu”

Səfir: “Yaşasın KKTC, Azərbaycan və Türkiyə dostluğu”

Bu gün Bakıda Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) yaranmasının 30-cu ildönümü münasibəti ilə mərasim keçirilib. SİA-nın məlumatına görə, tədbirdə millət vəkilləri, ziyalılar, dövlət və hökumət nümayəndələrinin üzvləri, media mənsubları iştirak ediblər.

Mərasimə Azərbaycan və KKTC-nin dövlət himnlərinin səslənməsi ilə start verilib.

Daha sonra KKTC-nın Azərbaycandakı səfiri Sadəddin Topukçu deyib ki, Cümhuriyyət 1983-cü ildə öz müstəqilliyinə nail olub. Diqqətə çatdırılıb ki, 30 illik bir tarix dövründə bütün türk dünyası daim KKTC-nin yanında olub. Səfir buna görə, bütün türk dünyasına və xalqına öz dərin təşəkkürünü bildirib. Qeyd edilib ki, bütün türk dünyası daim bir yerdə olmalı və öz əməkdaşlığını bundan sonra inkişaf etdirməlidir: "Bununla belə biz bütün problemlərimizin birgə həllinə çalışmalıyıq".

O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunaraq bu məsələnin tezliklə öz həllini tapacağına ümidvar olduğunu vurğulayıb.

Səfir Sadəddin Topukçu çıxışını "Yaşasın KKTC, Azərbaycan və Türkiyə dostluğu" ifadələri ilə sona çatdırıb.

Daha sonra Milli Məclisin deputatı Qənirə Paşayeva çıxış edərək bildirib ki, KKTC-nin bayramı bizim hər birimizin bayramıdır: "Biz azərbaycanlılar bunu hər zaman belə bilirik. KKTC-də hər zaman Türkiyə ilə bağlı danışanda "Ana Vətən" deyirlər. Təbii ki, bu bizi hər zaman sevindirir. Mən də həmçinin deyərdim ki, Azərbaycan da qardaş Vətəndir".

Millət vəkili qeyd edib ki, vaxtilə KKTC xalqı çox ağrılı-acılı qətliamlara, hücumlara və haqsızlığa məruz qalıb: "Lakin bütün bunlara rəğmən onlar var olmaq mücadiləsini aparıb və KKTC-ni qurub, yaradıblar. Amma çox təəssüf ki, bu gün də KKTC-yə qarşı beynəlxalq təşkilatlar tərəfindən haqsızlıqlar davam edir".

Mərasimə bədii hissə ilə yekun vurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə