Yeni Azərbyacan Partiyası Suraxanı rayon təşkilatı və Suraxanı Rayon İcra Hakimiyyəti partiyanın yaradılmasının 21-ci ildönümü münasibətilə birgə tədbir keçirib. Əvvəlcə tədbir iştirakçıları Suraxanı Rayon İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən "Heydər Əliyev Mərkəzi"nin qarşısında Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
YAP Suraxanı rayon təşkilatının inzibati binasında işini davam etdirən tədbirdə çıxış edən təşkilat sədri Vüqar Seyidov bildirib ki, 1992-ci ildə xalqın istəyi, zamanın tələbi ilə yaradılan Yeni Azərbaycan Partiyası bu gün artıq ölkədə gedən bütün proseslərdə müstəqil mövqe sərgiləyir: "O zaman cəmiyyət ümümxalq inamına malik olan və ilk növbədə milli birliyə, vətəndaş həmrəyliyinə əsaslanaraq ölkəni böhrandan xilas etməyə qadir olan siyasi qüvvəyə ehtiyac duyurdu. 1992-ci il noyabrın 21-də Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə belə bir siyasi təşkilatın yaradılması Azərbaycan xalqının sosial sifarişi, cəmiyyətin tələbi idi".
Vüqar Seyidov onu da qeyd edib ki, bu gün Ümummilli Lider Heydər Əliyev siyasi kursu Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Bu il keçirilən prezident seçkiləri xalqın ölkə başçısına inamının ifadəsi oldu".
Tədbirdə çıxış edən YAP-ın İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının qısa bir müddətdə geniş şöhrət qazanaraq cəmiyyətin bütün təbəqə və kateqoriyalarından olan sağlam qüvvələri öz ətrafında birləşdirməsindən, ümumxalq partiyası olmaq istiqamətində lazımi addımlar atıldığından danışıb.
Mübariz Qurbanlı bildirib ki, o zaman Ulu Öndər Heydər Əliyev Partiyanın qarşısında yeni vəzifələr qoydu: "Həmin dövrdən etibarən təşkilatın statusu yeni şəraitə uyğun olaraq dəyişdi və YAP iqtidar partiyasına çevrilərək ölkənin siyasi həyatında tutduğu mövqeyini möhkəmləndirərək kütləvi siyasi qüvvə kimi ictimai həyatın bütün sahələrində tərəqqiyə nail olmaq məqsədi ilə yüksək fəallıq nümayiş etdirdi".
Suraxanı rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Ulu Öndərin Azərbaycan dövlətini çətin bir burulğandan necə xilas etməsindən bəhs edərək deyib ki, ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin son 10 ildə əldə etdiyi nailliyyətlərdən, uğurlardan sonra ölkəmiz bu gün inkişaf etmiş ölkələr sırasındadır: "Regionda Azərbaycanın iştirakı olmadan bu gün heç bir layihə həyata keçirilə bilmir. Bu dövlətimizin əldə etdiyi uğurların nəticəsidir".
Millət vəkili Ağacan Abıyev isə öz çıxışında vurğulayıb ki, ölkədə keçirilən bütün seçkilərdə Yeni Azərbaycan Partiyası hər zaman qalib gəlməklə cəmiyyətdəki nüfuzunu və təsir gücünü daha da artırıb: "Bütün illərdə Yeni Azərbaycan Partiyası keçirilən Prezident seçkilərində əzəmətli qələbələr qazanıb. Partiyada gənclərə qayğı yüksək səviyyədə olub, bu təşkilatda təmsil olunan qadınların ictimai-siyasi proseslərdə aktiv iştirakına hər zaman şərait yaradılıb".
Tədbirdə gənclər adından Nigar İbrahimova, 208 saylı orta məktəbin direktoru Məlahət Əsədova çıxış ediblər.
Tədbirin sonunda bir sıra partiya fəalları Fəxri fərmanla təltif edilib, partiya sıralarına yeni daxil olmuş partiya üzvlərinə vəsiqələr təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB