İran səfiri: Azərbaycan Fars körfəzinə və Oman dənizinə çıxış əldə edəcək EKSKLÜZİV

““Qəzvin-Rəşt-Ənzəli-Astara” layihəsi İranın milli layihələrindəndir və dəmiryolu sahəsində şimal-cənub koridorunun sonuncu birləşmə nöqtəsidir”
İran səfiri: Azərbaycan Fars körfəzinə və Oman dənizinə çıxış əldə edəcək EKSKLÜZİV

"Tehran və Bakının məsul şəxsləri bu gün və sabah Rəşt şəhərində Qəzvin-Astara dəmiryolu xəttinin sona çatdırılması haqqında danışıqlar aparacaqlar. Bu görüşdə İran tərəfində Qəzvin-Rəşt-Astara dəmiryol xəttinin Azərbaycan Astarasına birləşdirilməsi məsələləri müzakirə olunacaq". Bunu SƏS TV-yə müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayın Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun inşası layihəsinin əhəmiyyətinə dair suala cavabında deyib.

Səfir vurğulayıb ki, bu layihənin icrası çox mühümdür və əslində Azərbaycan Respublikası bu dəmiryol xətti ilə Qafqazı İranın dəmiryol xəttinə birləşdirəcək: "Azərbaycan Respublikası bu tranzit yol vasitəsilə Fars körfəzinə və Oman dənizinə çıxış əldə edəcək. Sözsüz bu layihənin sona çatdırılması İranla Azərbaycan Respublikası arasında iqtisadi əlaqələrin inkişafına səbəb və nəticədə hər iki ölkənin xeyrinə olacaq".

Diplomat əlavə edib ki, "Qəzvin-Rəşt-Ənzəli-Astara" layihəsi İranın milli layihələrindəndir və dəmiryolu sahəsində şimal-cənub koridorunun sonuncu birləşmə nöqtəsidir: "Bu layihənin tikintisinə 2006-cı ildən başlanılıb və bu xəttin 10 metrdən 1500 metrə qədər olan və ümumi uzunluğu 9 km-ə çatan körpülərdən, 70 metrdən 2000 metrə qədər olan və ümumi uzunluğu 22 km-ə çatan 53 tuneldən ibarət olması Qəzvin-Rəşt-Ənzəli-Astara dəmiryolu xəttinin əsas özəlliklərindəndir. Qəzvin şəhərinin Ənzəli limanına və Astara şəhərinə, daha sonra Xəzər dənizi sahili ölkələrinə və Şərqi Avropaya birləşməsi ilə yüklərin və sərnişinlərin daşınması üçün təhlükəsiz bir marşrut yaranacaq. Qəzvin-Rəşt-Astara dəmir yolu xəttinin ümumi uzunluğu 350 kilometr olacaq ki, Qəzvindən Rəştə qədər olan məsafə 164 km təşkil edir və bu hissədə İranın 4 podratçı şirkəti iştirak edir. Yol dağlıq və çətin ərazilərdən keçdiyi üçün yol boyu özünəməxsus tunellər və körpülər tikilir. İndiyə qədər yolun çox hissəsində işlər sona çatdırılıb".

İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayının SƏS TV-yə verdiyi eksklüziv müsahibənin tam mətnilə sabah tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə