Komitə sədri: “Mən ötən gün axşam sərhədlə əlaqə saxlamışam”

Komitə sədri: “Mən ötən gün axşam sərhədlə əlaqə saxlamışam”

"Ermənistanda istehsal olunan məhsul Azərbaycana idxal oluna bilməz. Ərzaq təhlükəsizliyinin qorunması üçün gömrük orqanlarının üzərinə böyük yük düşür. Vahid ticarət prinsipinin tətbiqindən başlayaraq sərhədyanı gömrük nəzarət orqanlarında səhiyyə və fitosanitariya sahəsində mütəxəssislər fəaliyyət göstərirlər". SİA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ermənistanda kartofda xərçəng xəstəliyinin aşkarlanması və bu məhsulun ölkəmizə idxalının qarşısının alınması ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Aydın Əliyevin sözlərinə görə, Azərbaycana daxil olan məhsulların mənbəyi və keyfiyyəti araşdırılır. Eyni zamanda biz müqabil tərəfdən də daimi olaraq statistik məlumatlar mübadiləsini aparırıq. Burada söhbət təkcə xəstəlikdən getmir. Ümumiyyətlə, Ermənistanla xarici ticarətimiz yoxdur. Belə olan halda isə bu, heç vaxt mümkün ola bilməz".

Komitə sədri ölkəyə daxil olan narkotiklər barəsində də danışaraq deyib ki, Azərbaycana daxil olan narkotiklərin 95 faizindən çoxu İran vasitəsilə gəlir: "Son illər Xəzər dənizi vasitəsilə digər qonşulardan narkotik qaçaqmalçılığı müşahidə edilmir. Bu, təkcə bizim yox, İran üçün də böyük bəladır. Çünki İran Əfqanıstanla qonşu ölkədir. Əfqanıstan dünyada narkotik vasitələrin ən böyük istehsalçısıdır. Ona görə də bu daşınmaların qarşısının alınması üçün Azərbaycanla İran arasında xüsusi proqramın tərtibi düşünülmür. Çünki bu, iki ölkənin təşəbbüsü ilə həll olunan məsələ deyil. Ona görə biz qaçaqmalçılığın qarşısının alınması, narkotik vasitələrin daşınması və digər məsələlərlə bağlı daim beynəlxalq tədbirlər keçiririk. Bu problemin aradan qaldırılması üçün aparıcı ölkələrin dəstəyi vacibdir".

Azərbaycan-Rusiya sərhəddində yüklərin daşınması və sərnişinlərin gediş-gəlişi üçün yaranan gərginliyin aradan qaldırılması məsələsinə də toxunan komitə sədri sözlərinə əlavə edib ki, hazırda vətəndaşların qayıdışı və yüklərin daşınması ilə bağlı sərhəddə növbələr yoxdur: "Mən ötən gün axşam sərhədlə əlaqə saxlamışam və bu problemin aradan qaldırıldığı bildirilib. Həmçinin Rusiya ilə Samur keçid məntəqəsinin maneəsiz işləməsi üçün danışıqlar aparırıq".

Bütün xəbərlər Facebook səhifəmizdə