Hüquq-mühafizə orqanları başçıları Komitəsinin iclası keçirilir

Hüquq-mühafizə orqanları başçıları Komitəsinin iclası keçirilir

Bu gün Bakıda MDB Gömrük xidmətləri rəhbərləri Şurasının Hüquq-mühafizə orqanları başçıları Komitəsinin iclası keçirilir. SİA-nın məlumatına görə, iclasda 13 əsas məsələ müzakirə ediləcək.

Tədbir iştirakçıları Azərbaycan Dövlət Gömrük Komitəsinin hüquq-mühafizə bölmələrinin qanun pozuntuları və qaçaqmalçılıqla mübarizəsi sahəsində təcrübəsinə dair təqdimatla tanış olacaqlar. Həmçinin, beynəlxalq narkotik dövriyyəsi ilə mübarizənin aparılması, gömrük əməkdaşlarının peşəkarlığının artırılması, kinoloji fəaliyyət, iqtisadi cinayətkarlıqla mübarizə ilə bağlı məsələlər diqqət mərkəzində saxlanacaq.

Bundan başqa, Komitə üzvləri qurumun 2013-cü ildəki fəaliyyətini qiymətləndirərək ona yekun vuracaq və növbəti il üçün planları müzakirə edəcəklər.

Qeyd edək ki, Bakı toplantısı sayca 10-cu iclas olacaq. Toplantıdan öncə isə qonaqlar başda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayev olmaqla, Fəxri Xiyabana gələrək Ümummilli lider Heydər Əliyevin və oftomoloq alim Zərifə xanım Əliyevin məzarlarını ziyarət ediblər. Sonra qonaqlar Azərbaycanın torpaqlarının ərazi bütövlüyü uğrunda canlarını qurban verən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə