Ölkəmizdə aparılan dövlət gənclər siyasəti Azərbaycana bu sahədə uğurlar qazandırır. Bu siyasətin təməlini Ümummilli Lider Heydər Əliyev qoyub və bu kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müsahiblərimiz olan gənclər əldə olunan uğurlarla bağlı fikirlərini bölüşüblər.
Qüdsi Bayramov,
YAP Gənclər Birliyinin Binəqədi rayon təşkilatının sədri:
- Təbii ki, Azərbaycan gənclərə göstərilən qayğıya, onlar üçün həyata keçirilən layihələrə, gənclər siyasətinə görə dünya ölkələri arasında öncül yerdədir. Ölkəmizdə gənclərlə bağlı qanunvericilik bazasının gündən-günə təkmilləşdiyinin şahidi oluruq. Bu ölkənin vətəndaşı və gənci olmaq bizim hər birimiz üçün qürur mənbəyidir. Çünki biz gəncliyin inkişaf zirvəsində olduğu və bütün sahələrin sürətlə inkişaf etdiyi bir ölkənin vətəndaşlarıyıq.
Azərbaycanda istər xaricdə, istərsə də ölkəmizdə təhsil alan, yaşayan gənclərin maddi və mənəvi problemlərinin həlli istiqamətində bir sıra ictimai birliklər fəaliyyət göstərir. Bu gün biz bir sıra sahələrdə həmin fəaliyyətin, gənclərə ayrılan diqqətin bəhrəsini və uğurlu nəticələrini görürük. Bütün bunlara görə də Azərbaycan Prezidenti Cənab İlham Əliyevə minnətdarıq.

Jalə Tofiqqızı,
YAP Binəqədi rayon təşkilatının üzvü:
- Bu gün Prezident İlham Əliyev Azərbaycanın gələcəyə hədəflənmiş inkişafının mərkəzində, heç şübhəsiz, gəncləri görür. Təsadüfi deyil ki, Prezident çıxışlarının birində vurğulamışdı ki, "Biz neft kapitalını insan kapitalına çevirməliyik". Bu fikrin hərəkətverici qüvvəsi kimi, əlbəttə, gənclər nəzərdə tutulur. Bu şüar çox qısa bir vaxtda reallığa çevrilib.
2011-ci ildə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanmasını Prezident İlham Əliyev gənclərə, gənclər təşkilatarına etibar etdi. Bu, dövlət başçısının gənclərə göstərdiyi etibar və etimadın ən ali təntənəsi idi. Həmin Dövlət Proqramının ardınca gənc kadrların dövlət strukturlarında yer alması, idarəetmədə irəliləməsinə yaradılan şərait Dövlət Başçısı kimi İlham Əliyevin gənclərə göstərdiyi ən böyük qayğı və diqqətdir. Bu gün dövlət qulluğuna qəbul edilənlərin 80-%-ə yaxını gənclərdir. Bu, böyük göstəricidir.
Cənab İlham Əliyev Prezidentliyə ilk dəfə namizədliyi müddətində bildirdi ki, "mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam". Dövlət başçısı vədinə sadiq qalaraq, sözün həqiqi mənasında hər bir vətəndaşın Prezidenti oldu. Ötən 10 il ərzində görülən işlər, həyata keçirilən tədbirlər öz mahiyyəti və əhəmiyyəti ilə Prezident İlham Əliyevin həmin vədinə sadiqliyini təsdiqlədi. Dövlət başçısı son iki il ərzində gənclərlə 4 dəfə görüşdü, onların təkliflərini, fikirlərini dinlədi. Xalqın Lideri, işıqlı sabahımızın qarantı kimi Cənab İlham Əliyev gəncliyin ölkənin iqtisadi, sosial və siyasi həyatında daha fəal rol oynaması üçün böyük imkanlar yaratdı. Heç şübhəsiz, Ümummilli Lider Heydər Əliyev siyasi kursunun davamçısı kimi Prezident İlham Əliyev bu siyasəti daha da zənginləşdirir.

Rəşad Abbasəliyev,
YAP Gənclər Birliyinin Sabunçu rayon təşkilatının sədri:
- Ümummilli Lider Heydər Əliyev Azərbaycanın gələcəyinin gənclərə məxsus olduğunu önə çəkərək yüksək ixtisaslı kadrların yetişdirilməsi istiqamətində mühüm addımlar atmışdı. Yüzlərlə Azərbaycan gəncinin keçmiş ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi də bu məqsədə xidmət edirdi. Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra da gənclərə diqqət və qayğı dövlət siyasətinin əsas tərkib hissəsinə çevrildi. 1999-cu ildə ulu öndər Heydər Əliyev tərəfindən "Dövlət gənclər siyasəti haqqında" Fərman imzalandı. Həmin sənədə uyğun olaraq təsdiqlənmiş tədbirlər planında gənclər siyasətinin bütün istiqamətləri öz əksini tapdı. Bu gün bu siyasət Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev bütün sahələrə olduğu kimi gənclər sahəsinə də xüsusi diqqət və qayğı ilə yanaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB