Orqan musiqi alətini gürcülərə kim satıb?

Müxalifət mətbuatının yalanı üzə çıxdı
Orqan musiqi alətini gürcülərə kim satıb?

Müxalifət mətbuatı indi də kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanovun keçmiş fəaliyyətini təftiş etməyə başlayıb. Məsələnin maraqlı cəhəti ondan ibarətdir ki, bu qəzetlərin yazdıqları heç bir həqiqətə söykənmir. Niyə? Bunu faktlar deyəcək.

SİA "Yeni Musavat" qəzetində dərc olunmuş bir məqaləni araşdırmaq üçün A.Aslanovun Şəmkir rayonu icra hakimiyyətinin başçısı kimi çalışdığı dövrə müraciət etməli olub. Çünki qəzetdə dərc olunan məqalədə göstərilir ki, guya A.Aslanov icra başçısı işləyən dövrdə dövlət mülkiyyətində olan orqan musiqi alətini Gürcüstana satıb. Şəmkir Rayon İcra Hakimiyyətindən isə bizim sorğumuza maraqlı cavab verdilər. İcra başçısının hazırkı müavini Tariyel Məmmədov sualımızı cavablandıraraq bildirdi ki, bəli, orqan musiqi aləti dövlət mülkiyyəti kimi rayonun balansında olub və gürcülərə satılıb. Amma alqı-satqı prosesi A.Aslanovun icra başçısı təyin edilməsindən xeyli əvvəl baş tutub. Yəni 1992-1993-cü illərdə - AXC hakimiyyəti dövründə.

"El gözü tərəzidir", deyib atalar. Maraqlıdır, görəsən belə "alqı-satqı əməliyyatları"nı niyə məhz müxalifət mətbuatı görür? Amma dəyərli ziyalıların, ölkənin tanınmış şəxslərinin fikirləri məsələnin heç də müxalifət mətbuatının yazdığı kimi olmadığını sübuta yetirir.

Azərbaycan Yazıçılar Birliyinin sədri Anar 2008-ci ildə bütün yazıçılar və ziyalılar adından Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması, onların yenidən Azərbaycan xalqına geri qaytarılması üçün gördüyü işlərlə bağlı kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanova minnətdarlıq məktubu ünvanlayıb. Məktubda bildirilib: "Azərbaycanın görkəmli yazıçıları Nəriman Nərimanovun və Cəlil Məmmədquluzadənin vaxtı ilə sizin şəxsi vəsaitiniz hesabına alınan ev muzeyləri Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mülkiyyətinə verilib. Ulu öndər Heydər Əliyevin böyük səyləri və sizin kimi fədakar insanların zəhməti sayəsində 1993-cü ildən sonra Gürcüstandakı soydaşlarımızın Azərbaycana köçünün qarşısı alınıb və soydaşlarımız tarixən yaşadıqları torpaqlarımızdan didərgin düşməyiblər.

Sizin Şəmkir rayonuna rəhbərlik etdiyiniz illərdə ictimai-siyasi xadim Nəriman Nərimanovun, Mirzə Cəlilin, Mirzə Fətəli Axundovun ev muzeyləri yaradılıb, Tbilisidə, Acarıstanda Azərbaycanın Mədəniyyət Mərkəzləri yaradılıb, Azərbaycan Demokratik Cümhuriyyətinin Baş naziri olan Fətəli Xan Xoyskinin, tanınmış ictimai xadim Həsən bəy Ağayevin, şair Mirzə Şəfi Vazehin qəbirləri tapılıb, onların büstü qoyulub, dramaturgiyamızın banisi Mirzə Fətəli Axundovun itmiş büstü tapılıb bərpa edilib, 26 nəfər Azərbaycan ziyalısının və tarixi şəxsiyyətinin dəfn olunduğu bərbad hala düşmüş qəbirstanlıqda panteon-qalereya yaradılıb.

Bununla yanaşı Tbilisi Azərbaycan teatrı, Azərbaycan dilində çıxan "Gürcüstan" qəzetinin nəşri bərpa olunub, çox sayda məscidlərimiz təmir olunub və soydaşlarımızın istifadəsinə verilib. 20-dən artıq ədibimizin əsərləri, o cümlədən prezident İlham Əliyev haqqında yazılmış "O, böyük siyasətə hazırdır" kitabı gürcü dilinə tərcümə olunaraq yayılıb".

Məgər deyilən bu fikirlər Aslan Aslanovun Şəmkirdə icra hakimiyyətinin başçısı, bir vətəndaş kimi fəaliyyətinə aydınlıq gətirmirmi?

Qeyd: Orqan (latın sözü olub, orqanum, "instrument, alət" deməkdir) - ən böyük dini klavişli musiqi aləti hesab olunur. Orqan klavişli, nəfəsli alətdir. O əsrlər boyu mövcud olub, təkmilləşdirilib. Trubalarının sayə və ölçüsü müxtəlifir. Hər truba özünəməxsus şəkildə səs verir. Onlar eyni köklənsələr də, bir registrdə məxsusdurlar. Orqan musiqisi əsasən kilsələrdə ifa edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə