Dövlət büdcəsindən ayrılan vəsaitlər partiyaları hökumətdən asılı sala bilməz

Elçin Mİrzəbəyli: “Bu vəsaiti alan partiyaların hökumətdən asılı hala düşəcəyini iddia edən qüvvələr istənilən müsbət addıma qara yaxanlardır”
Dövlət büdcəsindən ayrılan vəsaitlər partiyaları hökumətdən asılı sala bilməz

"Dövlət büdcəsindən siyasi partiyalara ilkin maddi yardımdan onların fəaliyyətində nəzərə çarpacaq dərəcədə irəliləyişlər baş verib. Bu ilk növbədə partiyaların maddi-texniki bazalarının gücləndirilməsində özünü büruzə verir. Eyni zamanda bu vəsait partiyaların təşkilatlanma prosesinə də müsbət təsirini göstərib. Hesab edirəm ki, dövlət büdcəsindən partiyalara maddi vəsait ayrılması çox müsbət bir haldır". Bu fikirləri SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli Dövlət büdcəsindən çoxpartiyalı sistemin inkişafına vəsait ayrılmasına münasibət bildirərkən deyib.

E.Mirzəbəylinin sözlərinə görə, dövlət tərəfindən partiyalara maddi vəsaitin ayrılması Azərbaycanda çoxpartiyalı sistemin formalaşmasına xidmət edir.

Bu vəsaitin partiyaları hökumətdən asılı salacağına dair bəzi qüvvələrin iddialarını şərh edən BAXCP sədrinin müavini vurğulayıb ki, bu vəsait dövlət büdcəsindən ayrıldığına görə hökumətdən heç bir asılılıq yaratmır: "Bəzi dar düşüncəli insanlar dövlət və hakimiyyət anlayışlarını səhv salırlar. Hakimiyyət siyasi partiyaların inkişafında maraqlıdırsa və parlamentdə təmsil olunan çoxluq belə bir qərarın qəbul olunmasına müsbət rəy veribsə, bu baxımdan hakimiyyətin atdığı addımı da müsbət dəyərləndirmək lazımdır. Eyni zamanda unutmaq lazım deyil ki, bu vəsait dövlət büdcəsindən ayrılır. Bu vəsaiti alan partiyaların hökumətdən asılı hala düşəcəyini iddia edən qüvvələr istənilən müsbət addıma qara yaxmaqla məşğul olan insanlardır".

Qeyd edək ki, Azərbaycan Respublikasının 2014-cü il üçün dövlət büdcəsi layihəsində siyasi partiyalara 2 592 500 manat vəsait ayrılması nəzərdə tutulur. Bu isə bu il ayrılmış vəsaitdən 3,7% çoxdur.

Bütün xəbərlər Facebook səhifəmizdə