Politoloq: "Hazırkı vəziyyətdə Azərbaycanın Gömrük İttifaqına daxil olması mümkün deyil"

Politoloq: "Hazırkı vəziyyətdə Azərbaycanın Gömrük İttifaqına daxil olması mümkün deyil"

"Sentyabr ayında Rusiyada olarkən Serj Sarkisyan Vladimir Putinlə keçirdiyi görüşdə artıq bu barədə razılaşma əldə edib". SİA-ya açıqlamasında politoloq Elman Nəsirli Ermənistanın Gömrük İttifaqına qoşulması məsələsinə münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, bu məsələdə Ermənistan tərəfinin mövqeyi məlumdur və növbəti dəfə keçirilən görüşdə də Rusiya, Belarusiya və Qazağıstanın 2010-cu ilə etibarən iştirak etdikləri Gömrük İttifaqında Ermənistanın da iştirakçı ölkə olması artıq həllini tapmış məsələdir: "Burada sadəcə müəyyən prosedurların həyata keçirilməsi qalıb".

Azərbaycanın Gömrük İttifaqına qoşulması məsələsinə aydınlıq gətirən politoloq qeyd edib ki, Azərbaycan tərəfinin mövqeyi bu məsələdə birmənalıdır: "Ölkəmiz inteqrasiya prosesində maraqlıdır. Lakin istənilən halda Azərbaycan öz addımlarını milli maraqları çərçivəsində reallaşdırır. Azərbaycan Gömrük İttifaqına qoşulsa, deməli onun milli maraqları tənzimlənib və təmin edilib. Hazırda Azərbaycanı Gömrük İttifaqına qoşulmamağa təhrik edən əsas faktor Ermənistanın işğalçılıq siyasəti ilə bağlıdır. Avropa Parlamentinin qonşuluq siyasətində qeyd olunur ki, Şərq tərəfdaşlığı proqramında iştirak edən dövlətlərdən birinin digərinin torpaqlarını işğal altında saxlaması qəbuledilməzdir. MDB çərçivəsində isə Ermənistan Azərbaycan torpaqlarını işğal altında saxlayır. Nə qədər ki Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal altındadır, bu iki ölkə eyni qurumun tərkibində yer ala bilməz. Lakin hesab edirəm ki, tərəflər arasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müəyyən pozitiv irəliləyiş əldə edilsə, Ermənistan işğalçılıq niyyətindən əl çəksə, bu zaman Azərbaycan Gömrük İttifaqına daxil olmaq məsələsinə yenidən baxa bilər. Hazırkı vəziyyətdə isə Azərbaycanın sözügedən ittifaqa daxil olması mümkün deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə