Politoloq: “Qanun qəbul olunsa, Dağlıq Qarabağla bağlı ciddi problemlər ortaya çıxa bilər” MÜNASİBƏT
"Ermənistan Azərbaycanın danışıqlar prosesində güzəştə getməsi üçün müxtəlif provakasiyalara əl atır. Qondarma Dağlıq Qarabağ Respublikasının tanıdılması ilə bağlı qanun layihəsinin də ortaya atılması bu provakasiyalardandır". Bu sözləri politoloq Qabil Hüseynli Ermənistanın "İrs" Partiyasının parlament fraksiyasının katibi Zarui Postancanyanın təşəbbüsü ilə hazırlanan "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsinin Ermənistan parlamentində müzakirəyə çıxarılacağına dair məsələyə münasibət bildirərkən deyib.
O bildirib ki, bu ideya çox təhlükəlidir: "Ermənistan bu cür provakasiyalarla Dağlıq Qarabağ probleminin həllinə dair danışıqlar prosesini pozur. Ermənistan həmçinin bu addımı ilə özünün də işğal prosesində iştirak etdiyini birmənalı şəkildə təsdiqləyir. SSRİ dağılmamışdan əvvəl Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında qərar hələ də qüvvədən salınmayıb. Bütün bunlar onu göstərir ki, Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin tanıdılması istiqamətində əvvəlcədən fəaliyyət aparır. Lakin bu fəaliyyət indi bəlli bir nöqtəyə çatıb. Belə bir qanun qəbul olunsa, Dağlıq Qarabağla bağlı danışıqlar prosesində ciddi problemlər ortaya çıxa bilər. Beynəlxalq qurumlar Ermənistana müraciət etməlidir. Ermənistanın bu addımı Azərbaycanı müharibəyə təhrik etmək deməkdir. Qarşı tərəf həqiqətən də özünü destruktiv formada aparır və bütövlükdə danışıqlar prosesini əngəlləyir".
Qeyd edək ki, Ermənistan parlamentinin Xarici əlaqələr komissiyası "Dağlıq Qarabağ Respublikasının tanınması haqqında" qanun layihəsi ilə bağlı qərar qəbul edə bilməyib. Çünki hakimiyyətdəki Respublika Partiyasının deputatları səsvermədə iştirak etməyiblər. Onlar mövqelərini belə əsaslandırıblar ki, Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımağın tərəfdarı olsalar da, hazırda belə bir qanunun qəbulu məqsədəuyğun deyil. Hakim partiyanın mövqeyi müxalifətdəki "İrs" Partiyasının deputatı Zarui Postancyan tərəfindən təqdim olunan qanun layihəsinin gündəmə alınmasını mümkünsüz edir. Komissiyada alternativ kimi parlament tərəfindən qanun deyil, xüsusi bəyanat qəbul olunması təklif olunub. Lakin Z. Postancyan öz layihəsini geri götürməkdən imtina edib. Hökumət nümayəndələri də layihənin əleyhinə mövqe bildiriblər. Xarici işlər nazirinin müavini Şavarş Koçaryan hesab edir ki, hazırda beynəlxalq oyun qaydalarını dəyişmək məqsədəuyğun deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB