Konstitutsiya Məhkəməsi seçkilərin yekunu barədə iclas keçirir

Konstitutsiya Məhkəməsi seçkilərin yekunu barədə iclas keçirir

Azərbaycan Konstitusiya Məhkəməsinin Mərkəzi Seçki Komissiyasının (MSK) okyabrın 9-da keçirilən prezident seçkilərinin yekunu barədə protokolunun təsdiq olunmasına dair iclası bu gün işinə başlayıb. SİA-nın məlumatına görə, tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini-icra katibi Əli Əhmədov, MSK sədri Məzahir Pənahov, deputatlar və dövlət qrumlarının nümayəndələri iştirak edirlər. İclas Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevin sədrliyi ilə keçirilir. Tədbirdə məruzəçi hakimlərdən Sona Salmanova və Rafael Qvalacı çıxış ediblər.

S.Salmanova seçki protokolunun təsdiq olunması üçün MSK tərəfindən məhkəməyə göndərildiyini bildirib. R.Qvalacı isə seçkilərin nəticəsinə dair protokola əsasən İlham Heydər oğlu Əliyevin səslərin çox hissəsini toplayaraq qalib olduğunu bildirib.

İclasda seçki prosesi barədə danışan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov namizədlərə yaradılan şərait, ödənişsiz efir vaxtı, həmçinin qəzetlərdə yer ayrılması barədə ətraflı məlumat verib.

Sonra Dövlət Statistika Komitəsinin əməkdaşları məruzə ilə çıxış edərək seçki komissiyalarında səslərin hesablanması zamanı heç bir qeyri-dəqiqliyə yol verilmədiyini vurğulayıblar.

Çıxışlardan sonra plenum fasiləyə ayrılıb.

Qeyd edək ki, Mərkəzi Seçki Komissiyası (MSK) oktyabrın 17-də keçirilən iclasında prezident seçkilərinə yekun vurub. Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, MSK-nın seçkilərin nəticələri üzrə protokolu tərtib edilərək komissiya üzvləri tərəfindən imzalanıb. Sonra protokol təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilib.


Bütün xəbərlər Facebook səhifəmizdə