Millət vəkili: "Avropa səyahətinə çıxan Cəmil Həsənli cəmiyyətdə gülüş doğurur" MÜSAHİBƏ

Millət vəkili: "Avropa səyahətinə çıxan Cəmil Həsənli cəmiyyətdə gülüş doğurur" MÜSAHİBƏ

Millət vəkili Aydın Mirzəzadənin SƏS TV-yə müsahibəsi:

- Azərbaycan dövlət müstəqilliyini qazandıqdan bu günə qədərki dövrdə istədiklərinə nail ola bilibmi?

- 18 oktyabr 1991-ci il Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi bir gündür. 1920-ci il 28 aprel tarixinda Rusiyanın Azərbaycanı işğal etməsi 1918-ci il mayın 28-də qazandığımız müstəqilliyi qısamüddətli etdi. Lakin uzun mübarizə sonda yenidən müstəqilliyin qazanılması ilə nəticələndi. Müstəqilliyin əldə edilməsi şübhəsiz ki, öz taleyini özünün həll etməsi, hakimiyyətin Azərbaycan xalqının maraqlarına, milli mənəvi dəyərlərinə uyğun formalaşdırılması və dünya birliyində Azərbaycanın müstəqil olaraq fəaliyyət göstərməsi demək idi. Çox təəssüf ki, 1991-ci ildə müstəqillik qazanılsa da hakimiyyətdə olan qüvvələr buna hazır deyildilər. Eyni zamanda onun alternativi olan və xalq hərəkatı adından danışmağa cəhd edən qüvvələrin özü də hakimiyyət və ölkənin inkişaf perspektivləri barəsində məlumatsız idilər. Bu baxımdan 1991-1993-cü illər Azərbaycanda hakimiyyət uğrunda mübarizə ilə, səmərəsiz yerə itirilmiş qızıl vaxtla, ən əsası isə torpaqlarımızın bir hissəsinin işğalı ilə yaddaşlarda qaldı. Qeyd etmək istərdim ki, Azərbaycan cəmiyyətində müstəqilliyin tanınması xalqın Dahi lideri Heydər Əliyevin adı ilə bağlıdır. Həmin illərdə Naxçıvan Muxtar Respublikasında Ali Məclisin sədri olan Ulu Öndər xalqın ümid yerinə çevrilmişdi. Naxçıvanın timsalında müstəqilliyin nə demək olduğunu, mövcud problemlərin hansı yollarla həll edildiyi barəsində artıq kifayət qədər nümunələr yaranmışdı. 1993-cü il 15 iyun tarixində xalqın istəyi ilə Ümummilli lider Heydər Əliyevin yenidən siyasətə qayıdışı və ölkə başçısı seçilməsi Azərbaycan dövləti qarşısında böyük perspektivlər açdı. Ona görə də, Azərbaycanın 22 illik müstəqilliyini faktiki olaraq iki mərhələyə bölə bilərik. Birinci mərhələ 1991-1993-cü illəri əhatə edir: hansı ki, formal olaraq qazanılmış müstəqillik dövrü. İkinci mərhələ isə 1993-cü ildən etibarən bu günə qədər davam edən Azərbaycan müstəqilliyinin reallaşdığı dövr. Fenomen şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətçiliyi ilə bağlı həm nəzəri fikirləri, həm də praktiki təcrübəsi ölkənin müstəqilliyinin reallığa çevrilməsinə imkan yaratdı. Bu dövrdə Azərbaycanda vətəndaş müharibəsinin qarşısı alındı, ölkənin iqtisadiyyatında köklü dəyişiklik edildi, hakimiyyətə gəlməyin yalnız seçkilər yolu ilə mümkünlüyü ənənəsi formalaşdı. 1995-ci ildə Konstitusiyanın qəbul edilməsi, 1996-cı ildə islahatların başlanılması. 2000-ci ildə Avropa Şurasına üzv qəbul edilməyimiz Azərbaycanın müstəqilliyinin göstəricisinə çevrildi. Heç də təsadüfi deyil ki, Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 10 il Azərbaycanda dövlətçiliyinin ciddi bünövrəsinin qoyulması, inkişaf yolunun müəyyənləşdirilməsi kimi tarixə düşdü. 2003-cü ildə Prezident İlham Əliyevin dövlət başçısı seçilməsi Azərbaycan xalqının qarşısında çətin məsələlərin həllinə imkan verdi. Cənab İlham Əliyev 2003-cü ildə prezident seçilərkən elan etdi ki, 2008-ci ilə qədər Azərbaycanda çadır şəhərcikləri qalmayacaq. Bu o dövr üçün fantastik bir hadisə kimi görünürdü. Lakin 2008-ci ilə qədər həqiqətən bu hadisə reallaşdı. 2008-ci ildə isə Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan yaxın illərdə inkişaf etmiş ölkələr sırasına daxil olmaq istəyir. 2013-cü ilə qədər demək olar ki, məsələ həll edilib. 2007-ci ildə Azərbaycan rəqabətə davamlı ölkələr sırasında 69-cu yerdə idisə, 2013-cü ildə bu rəqəm 39-a yüksəldi. Bu da Azərbaycanın Ümummilli lider Heydər Əliyev siyasətinin davamı kimi ölkə rəhbəri İlham Əliyevin qarşıda duran məsələlərin həll etdiyinin göstəricisidir. Azərbaycan həm demokratik dövlətdir, həm də iqtisadi sahədə sürətlə inkişaf edən, beynəlxalq arenada nüfuza malik olan ölkədir.

- Prezident seçkilərində cənab İlham Əliyev qələbə qazandı və növbəti 5 ildə də Azərbaycana rəhbərlik edəcək. Amma "Milli Şura" məğlub olmasına baxmayaraq, seçkilərdən dərhal sonra mitinq keçirməsi və növbəti mitinqini oktyabrın 20-nə təyin etməsi nəyə hesablanıb?

- Azərbaycan demokratik respublika olduğundan Cənab İlham Əliyevin 85% səs toplaması və yenidən prezident kürsüsünə layiq görülməsi xalqın seçimidir. Seçkilərdə 5%-dən bir az çox səs toplayan radikal müxalifətin nümayəndəsinə isə cəmiyyət etimad göstərmədi. Cəmil Həsənlinin təklif etdiyi qarşıdurma, qeyri-stabillik və Azərbaycan maraqlarının xarici siyasi dairələrin maraqlarına uyğun tərtib edilməsi cəmiyyət tərəfindən dəstəklənmədi. Seçkilərdən sonra aksiyaların keçirilməsi demokratik ölkələr üçün normal hadisədir, eləcə də Azərbaycan üçün. Lakin seçkidə uğursuzluğa düçar olan, hesabatını cəmiyyətə deyil, xaricdəki müəyyən mərkəzlərə vermək üçün Avropa səyahətinə çıxan namizədin bu gün yenidən kimlərisə ətrafına toplaması sadəcə olaraq cəmiyyətdə gülüş doğurur. Seçicilərdən 5% səs toplamaq artıq ciddi məğlubiyyətdən xəbər verir.

- Mitinqlərdə iştirakçılar tərəfindən təxribatlar törətməsini necə qiymətləndirirsiniz?

- Onların düşündükləri və icra etmək istədikləri heç bir metod uğurlu alınmır. Müxalifətin cəmiyyəti öz tərəfinə çəkmək istəyi baş tutmur, mitinq üçün onlara böyük meydanlar verilir, lakin toplaşanların sayı 1500-ü keçmir. Seçki məntəqələrindən bülleten oğurlamaq, Mərkəzi Seçki Komissiyasının nümayəndələrinin üzərinə hücum etmək metodlarına əl atsalar da istədiklərinə nail ola bilmədilər. Nəhayət xaricdən də istədikləri dəstəyi görə bilməyən müxaliflər provokasiyalara əl atmağa başladılar. Lakin onlar Azərbaycanın həm demokratik, həm də hüquqi dövlət olduğunu unudurlar. Ölkəmizdə həm azad şüarlar səsləndirmək istəyənlərin, mitinq təşkil edənlərin hüquqları qorunur, həm də qanunu və stabilliyi pozmağa cəhd edənlər hüquq mühafizə orqanları tərəfindən müvafiq cavabla cəzalandırılacaqlar. Bu dünyanın ən inkişaf etmiş ölkələrində də belədir. Müxalifətin növbəti mitinqlərə nə qədər adam toplayacağı məlum olmasa da, günü-gündən aksiyada iştirak edənlərin sayının azalacağı məlumdur. Bu gün cəmiyyətin nə Cəmil Həsənliyə, nə də "Milli Şuraya" ehtiyacı yoxdur. Azərbaycan xalqının yekdilliklə seçdiyi lideri, inandığı, hörmət etdiyi ziyalıları, etimad edib dəstəklədiyi şuraları var.

- Son günlərdə Rusiyada baş verən qətl hadisəsində şübhəli məqamlar meydana çıxdı. Bunlardan biri də qətli törətməkdə günahkar bilinən Orxan Zeynalovun Rusiyanın daxili işlər nazirinin qarşısını çıxarılması hansı məqsədi daşıyır? Moskvada baş verən qətl hadisələrində ittiham olunan hər bir qatil nazir qarşısına çıxarılırmı?

- Təsəvvür edin, adi bir cinayət hadisəsi baş verib, əvvəlcədən planlaşdırılmış şəklidə insanlar küçəyə çıxır və cinayətkarın tapılmasını tələb edir. Dünyada qəbul edilmiş qayda-qanuna əsasən cinayət işinin araşdırılmasından narazı olan şəxslər ya media qarşısına çıxır, ya da polisə müraciət edirlər. Lakin bu hadisədə sanki öncədən hazırlanmış marşrut üzrə hərəkət edərək, ticarət mərkəzinə hücum çəkirlər və nəticədə qısa zaman kəsiyində mərkəzin bağlanmasına nail olurlar. Əvvəlcədən hazırlanmış ssenari var idi və gözləyirdilər ki, uyğun gələn cinayət hadisəsi baş versin və məcburi olaraq azərbaycanlını günahkar şəxs qismində ictimaiyyətə təqdim etsinlər. Hesab edirəm ki, buradakı məqsədlərdən birincisi seçkilərdən sonra Azərbaycana siyasi təzyiq göstərmək. Rusiyanın bəzi orqanları düşünür ki, azərbaycanlı miqrantları sıxışdırmaqla Azərbaycanı Rusiyanın siyasi manevrlərini həyata keçirməyə məcbur etmək olar. Lakin onlar yanılırlar, çünki Azərbaycanı heç bir provokasiya və ya təzyiqlə öz müstəqil yolundan geri çəkmək olmaz. Ssenarinin yazılmasında digər bir məqsəd isə qeyri-rus millətinə mənsub olan ticarət obyektlərinin ələ keçirilməsidir. Baş verən hadisədə ticarət mərkəzinin rəhbərliyini qeyri-leqal şəkildə əmək miqrantlarını istismar etməkdə iddiham edirlər. Lakin Rusiya qanunvericiliyinə görə, Miqrasiya Xidmətinin icazəsi olmadan işçi götürən müəssisə hər bir miqranta görə bir milyon rublla cərimə edilir. Əgər həqiqətən də ticarət mərkəzində qeyri-leqal fəaliyyət göstərən miqrantlar aşkarlanıbsa onda mərkəz miqrantların sayı əsasında cərimələnməlidir. Lakin ticarət mərkəzinin bağlanması cinayətin öncədən tərtib olunaraq icrasının sübutudur. Orxan Zeynalovun iddiham olunduğu video isə sanki hazırlanmış film pavilionunda çəkilib. Çünki video çarxda hadisənin törədilməsi ilə bağlı heç bir görüntü deyil, sadəcə Orxan Zeynalova oxşayan şəxsin hadisə yerindən uzaqlaşaraq qaçdığı əks olunub. Digər bir maraqlı məqam isə taksi sürücüsü kimi çalışan miqrantın qətl törətməsinin Rusiyanın dövlət məsələsinə çevrilməsidir. Rusiyanın tarixində heç bir zaman qatil ölkənin DİN rəhbərinin qarşısına çıxarılmayıb. Orxan Zeynalovun helikopterlə Rusiyanın Daxili İşlər Nazirliyinə gətirilməsi isə Razinin və ya Puqaçovun Çarın hüzuruna gətirilməsinə bənzəyir. Bundan başqa, hadisə baş verdikdən bir gün sonra Rusiyada bir azərbaycanlı və bir özbək qətlə yetirildi. Bəs nə üçün ölkənin Daxili İşlər Nazirliyi qətllərin üstünün açılması üçün həmin əzmkarlığı göstərmir? Və ya o qatillər həbs olunarsa onlar da nazirin hüzuruna gətiriləcəklərmi? Hesab edirəm ki , Rusiyanın qətl hadisəsi ətrafında ajiotaj yaratmaqda yalnız siyasi məqsədləri öncüllük təşkil edir.

- Rus politoloqlar Rusiyada miqrant kimi yaşayan azərbaycanlıların kütləvi surətdə deportasiya olunmasının gündəlikdə olduğunu qeyd ediblər. Rusiya həqiqətən bu riski göz önünə ala bilərmi?

- Bu gün Azərbaycan nəyinki həmin miqrantları, hətta bu saydan 10 dəfə daha çox miqrantı qəbul edib onların sosial şəraitini təmin etməyə qadirdir. Digər tərəfdən isə azərbaycanlı miqrantların Rusiya bazarlarından geri çəkilməsi qısa zamanda Rusiyanın iqtisadiyyatında özünü göstərəcək. Çünki bu ölkənin iqtisadiyyatında işçi çatışmazlığı yaşanır. Bundan başqa azərbaycanlı miqrantlar orada çalışdıqları üçün müəyyən məbləğdə vergi ödəyirlər. Azərbaycanlıların Rusiyadan deportasiya olunması isə sadəcə provokasiyanın yeni səhifələrindən biridir.

Bütün xəbərlər Facebook səhifəmizdə