MSK seçkilərin nəticəsi ilə bağlı qərar qəbul edib

MSK seçkilərin nəticəsi ilə bağlı qərar qəbul edib

Bu gün Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib. SİA-nın məlumatına görə, MSK-nın sədri Məzahir Pənahov bildirib ki, oktyabrın 9-da milyonlarla ölkə seçicisi seçki məntəqələrinə gələrək, fəal şəkildə səsvermədə iştirak edib: "Bu proses yaradılan imkanlar hesabına yüksək səviyyədə işıqlandırılıb. Seçki prosesi minlərlə beynəlxalq və yerli müşahidəçi tərəfindən izlənilib. Seçkilər mütəşəkkil şəkildə keçirilib. Seçicilər məntəqələrə maneəsiz gələrək, səsvermədə iştirak ediblər. Seçki prosesi zamanı nəticələrə təsir edən pozuntu halı da olmayıb".

Sonra Prezident seçkilərinin yekunu barədə MSK-nın protokolunun təsdiq edilməsi məsələsinə baxılıb. Seçki Məcəlləsinin 108-ci və 203-cü maddələrinin tələblərinə əsasən, seçkilərin nəticələri üzrə MSK-nın protokolu tərtib edilərək Komissiya üzvləri tərəfindən imzalanıb.

Ümid Partiyasından olan MSK üzvü Akif Qurbanov yekun protokola imza atmayıb.

Bununla da 9 oktyabrda keçirilən prezident seçkilərinin yekun nəticələri təsdiqlənib. Sonra nəticələrin təsdiq olunmaq üçün Konstitusiya Məhkəməsinə göndərilməsi qərara alınıb.

Daha sonra Məzahir Pənahov bildirib ki, seçkilərin yekunu olaraq prezident İlham Əliyev səslərin böyük hissəsini toplayaraq qalib gəlib.

Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndəsi Əli Əhmədov ölkə seçicilərinə və MSK üzvlərinə seçkilərin keçirilməsi ilə bağlı öz təşəkkürünü bildirib. Ə. Əhmədov deyib ki, Azərbaycan xalqı növbəti 5 il üçün öz seçimini düzgün edib.

Bütün xəbərlər Facebook səhifəmizdə