DTİHB-nin hesabatlarındakı qeydlər konkret faktlara söykənmir

DTİHB-nin hesabatlarındakı qeydlər konkret faktlara söykənmir

"Mən 1990-cı illərdən etibarən Azərbaycanda keçirilən seçkilərdə müşahidəçi qismində iştirak etmişəm və qeyd etməliyəm ki, son zamanlar bu ölkədə keçirilən seçkilərdə böyük irəliləyişlərə nail olunmuşdur. Seçkilərin texniki tərəfləri, seçki komissiyalarının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində xeyli dəyişikliklər olmuşdur".

Bu sözləri ATƏT-in Parlament Assambleyasının oktyabrın 13-də Monteneqronun Budva şəhərində keçirilən payız sessiyasında iştirak edən avstriyalı deputat Volfqanq Qrossruk deyib.

"Mən də ATƏT-in Parlament Assambleyasının oktyabrın 9-da Azərbaycanda keçirilmiş prezident seçkilərini müşahidə missiyasının tərkibində olmuşam. Mən şəxsən seçkilərin keçirildiyi gün olduğum məntəqələrdə hansısa mənfi hadisə ilə üzləşmədim. Bu seçkilər ümumilikdə yaxşı təşkil edilmişdi. Seçkilərdə baş vermiş saxtakarlıqlar haqqında danışanda əlbəttə ki, konkret faktlara söykənməliyik. Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun hesabatlarındakı qeydlər isə heç vaxt konkret faktlara söykənmir və bu hesabatlarda həmişə kimlərinsə nə vaxtsa söylədikləri əsas götürülür".

V.Qrossruk bildirib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu öz şərhlərində daha çox məsələlərin mənfi tərəflərini qabartmağa can atır və bu, artıq DTİHB-nin bir növ təbiətinə çevrilib: "Təəssüflə qeyd etməliyəm ki, bu qurum hər dəfə öz müşahidələrində daha çox Qərb və Avropa mətbuatında dərc edilmiş qərəzli yazılara və fikirlərə əsaslanır. Bu dəfə də belə oldu".

V.Qrossruk deyib ki, seçkilərdə bu və ya digər formada mənfi hadisələr bütün ölkələrdə baş verir. Məsələn, bu yaxınlarda Avstriyada keçirilmiş seçkilərdə də seçki komissiyasının rəhbəri ilə bağlı müəyyən qalmaqal olmuşdu. ATƏT-in isə ümumiyyətlə təşkilat olaraq seçkiləri müşahidə etməsindəki bu ikitirəlik dayandırılmalı və yeni metodlar işlənməlidir. Ümumiyyətlə, DTİHB-nin seçkilərlə bağlı metodologiyasını dəyişmək lazımdır. Çünki bu qurumun bu gün həyata keçirdiyi standartlar artıq 20 ildir aparılır. Dünya dəyişib, çox şey dəyişib. Belə bir vəziyyətdə yeni standartlar və metodologiyalar tapıb işləməliyik. Ən əsası isə ATƏT PA ilə DTİHB arasında yeni iş prinsiplərinə söykənən münasibətlər yaradılmalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə