“ATƏT-in hesabatı onların Qarabağ münaqişəsinin həllində obyektiv olmayacağından xəbər verir”

“ATƏT-in hesabatı onların Qarabağ münaqişəsinin həllində obyektiv olmayacağından xəbər verir”

Ötən gün ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ATƏT Parlament Assambleyası (PA) ilə birgə 9 oktyabr Azərbaycanda keçirilən seçkilərlə bağlı qərəzli hesabatını yayıb. SİA bununla bağlı media kapitanlarının fikrini öyrənib.

"Bakı- Xəbər Qəzetinin" baş redaktoru Aydın Quliyev: "ATƏT-in ölkəmizdə keçirilən seçkilərlə bağlı hazırladığı hesabat əsası olmayan faktlara əsaslanıb. Orada bildirilib ki, guya Azərbaycanda prezidentliyə namizədlərə təbliğatını aparmaq üçün imkanlar yaradılmır və ya məhdudiyyətlər qoyulub. Hamı bu hesabatın düzgün olmadığını bilir. Namizədlərin təbliğatını aparması üçün pulsuz efir zamanı ayrılmışdı. Bundan əlavə, ölkədə bütün namizədlərə Bakının mərkəzində mitinq keçirmək imkanı verilmişdi. Bu faktlar ATƏT-in hesabatının dəqiq olmadığını və konkret əsaslara söykənmədiyini üzə çıxarır. Hesabat qərəzli şəkildə hazırlanıb, onu obyektiv qəbul etmək olmaz. Bilirsiniz ki, Ermənistanda prezident seçkiləri ərəfəsində namizədlərin biri güllələnmişdi. O zaman ATƏT-in müşahidə missiyası seçki ilə bağlı sərt münasibət bildirməmişdi. Lakin onların Azərbaycanda keçirilən seçkilərə bu qədər sərt münasibət göstərməsi bizim üçün çox təəccüblüdür. ATƏT Azərbaycana ikili standartlı münasibət bəsləyir. Hesab edirəm ki, təşkilatın hazırladığı hesabat onların Azərbaycana verdiyi qiymət deyil, eyni zamanda xalqımızın ATƏT-ə qiymət verməsi üçün çox tutarlı bir faktdır. Bu qiymət təşkilatın Azərbaycandakı nüfuzunu şübhə altına alır. Onların obyektiv olmayan davranışları Dağlıq Qarabağ münaqişəsinin həllində də qərəzli olacaqlarından xəbər verir. Artıq neçə illərdir ki, münaqişə ilə bağlı heç bir addım atılımır. Onlar kimin təcavüzkar, kimin təcavüzə məruz qalan tərəf olduğunu belə obyektivliklə ortaya qoymurlar. Ümumiyyətlə, bu təşkilat Azərbaycana münasibətdə qeyri-dəqiqdir".

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı: "ATƏT-in əvvəlki hesabatlarında da ölkəmizdə keçirilən seçkilərlə bağlı obyektiv olmayan, qərəzli məqamlar olub. Onların bizim seçkilərə olan münasibətini bilirik. Bu dəfə də bunun bir daha şahidi olduq.

ATƏT növbəti hesabatında bildirib ki, seçkiləri müxtəlif ölkələrin nümayəndələrindən ibarət 340 nəfər müşahidəçi izləyib. Onlar həmçinin bildiriblər ki, guya 58 faiz məntəqələrdə səslərin hesablanmasında qanun pozuntusu qeydə alınıb. Bu da o deməkdir ki, onlar səslərin hesablanması zamanı 500 məntəqədə olublar. Bu necə ola bilər ki, 340 nəfər eyni vaxtda 500 məntəqədə olub?

Elə buradan məlumdur ki, onların hesabatı Azərbaycana qarşı qərəzdir. ATƏT-in müşahidəçiləri müxtəlif ölkələrin təmsilçiləridir. Onların arasında Azərbaycanın dostu olan ölkələr olsa da, ölkəmizi sevməyən, onu islam ölkəsi kimi qəbul etmək istəməyən və yaxud da ermənipərəst mövqedən çıxış edən ölkələr də var. Bütün bunlar toplandıqda, sonda belə bir hesabat ortaya çıxır.

Məlumdur ki, ATƏT Dağlıq Qarabağ münaqişəsində səmərəsiz fəaliyyət göstərir. Görünür, onlar fəaliyyətsiziliklərini hesabatla gizlətmək istəyirlər. ATƏT bu sənədlə belə bir rəy yaratmağa çalışır ki, guya Azərbaycanda demokratiya yoxdur və onlar Ermənistana Dağlıq Qarabağ münaqişəsinin həllində təzyiq edə bilməzlər. Sənədin mahiyyətində də, məhz bu dayanır".

Bütün xəbərlər Facebook səhifəmizdə