Xaricdə yaşayan soydaşlarımız prezident seçkilərində xüsusi fəallıq göstəriblər
Oktyabrın 9-da Azərbaycanda keçirilən prezident seçkiləri dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birlik və həmrəylik təntənəsinə çevrilib.
Ukraynada, Almaniyada və digər ölkələrdə yaşayan vətəndaşlarımız seçkilərdə yüksək fəallıq nümayiş etdirməklə qarşıdakı beşillik müddətə Azərbaycan Respublikası Prezidentinin seçilməsinə töhfələrini veriblər.
Azərbaycanın Ukraynadakı səfirliyində keçirilən səsvermədə iştirak etmək üçün soydaşlarımız yaradılmış imkanlardan səmərəli istifadə ediblər. Bu ölkənin Sumı, Donetsk, Kiyev, Xarkov və digər şəhərlərində yaşayan Azərbaycan vətəndaşları, gənclər və tələbələr xüsusi avtobuslarla paytaxt Kiyevə - Azərbaycan səfirliyinə gələrək sərbəst və azad şəkildə səs veriblər.
Səsvermədə iştirak edən Azərbaycan-Ukrayna Dostluq və Xeyriyyə Fondunun prezidenti İlqar Abbasov, "İşıq" Dini Cəmiyyətinin sədri Əbülfəz Qasımov və digərləri seçkilərin Ukraynada da yüksək səviyyədə təşkil olunduğunu və demokratik şəraitdə keçdiyini vurğulayıblar.
Ukraynanın müxtəlif vilayət və şəhərlərindən yüzlərlə gəncin Kiyevə gələrək seçkilərdə xüsusi fəallıq nümayiş etdirdiklərini bildirən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirov bu mütəşəkkilliyi Azərbaycan gəncliyinin qüdrətli dövlətimizə sədaqətinin nəticəsi kimi dəyərləndirib.
Almaniyada yaşayan vətəndaşlarımız da səsvermə prosesində fəallıq nümayiş etdiriblər. Ölkənin müxtəlif əyalətlərində yaşayan soydaşlarımızın Berlində, Azərbaycanın Almaniyadakı səfirliyində təşkil olunmuş məntəqədə səsvermə prosesində iştirakını təmin etmək üçün xüsusi avtobuslar ayrılıb. Berlindəki "Azərbaycan evi", Şimali Reyn–Vestfaliya əyaləti üzrə Bilefeld şəhərindəki Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Saksoniya-Anhalt əyalətinin mərkəzi Maqdeburqda fəaliyyət göstərən Alman-Azərbaycan Mədəniyyət Cəmiyyəti, Saksoniya əyalət administrasiyasının mərkəzi Drezdendəki Alman-Azərbaycan Cəmiyyəti soydaşlarımız üçün nəqliyyat vasitələrinin təşkilində yaxından iştirak ediblər.
Yerli və xarici müşahidəçilərin iştirakı ilə keçirilən səsvermə prosesi həm Ukraynada, həm də Almaniyada kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB