Gürcüstanda yaşayan azərbaycanlı gənclər İlham Əliyevi dəstəkləyir

Gürcüstanda yaşayan azərbaycanlı gənclər İlham Əliyevi dəstəkləyir

Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı, Azərbaycanlıların Mədəniyyət Mərkəzi və təşkilatın Gənclər şöbəsi, həmçinin Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyi 9 oktyabr prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb. Gürcüstanın Azərbaycanlı Gənclər İttifaqı bəyanatda son zamanlar Azərbaycanda gedən sosial-iqtisadi proseslər və prezident seçkiləri ilə bağlı cərəyan edən hadisələrin seçkilərə böyük ümidlə baxan milyonlarla soydaşlarımız kimi Gürcüstanda yaşayan azərbaycanlı gənclərin də diqqət mərkəzində olduğu qeyd edilir. SİA-nın məlumatına görə, bəyanatda bildirilir ki, dünyada baş verən iqtisadi və siyasi proseslər, bu günkü Azərbaycan dövlətinin bu proseslərdə dünya dövlətləri arasında özünə layiqli yer tutması dünya azərbaycanlılarının bir parçası olan Gürcüstandakı azərbaycanlı gəncləri də sevindirir: "Azərbaycan iqtidarının Gürcüstanda həyata keçirdiyi iri sosial layihələr, soydaşlarımıza, xüsusilə gənclərə, onların təhsilinə diqqət və qayğının bəhrələri danılmazdır".

Azərbaycanlıların Mədəniyyət Mərkəzi və təşkilatın Gənclər şöbəsinin yaydığı bəyanatda deyilir ki, biz - Azərbaycanın hüdudlarından kənarda yaşayan Gürcüstan azərbaycanlıları dünya azərbaycanlılarının bir parçası olaraq beynəlxalq aləmdə mövqelərini gündən-günə möhkəmlənən Azərbaycanımızla qürur duyur və onun güclənməsində prezident İlham Əliyevin xidmətlərini yaxşı anlayırıq.

Gürcüstan azərbaycanlıları iki ölkə arasında dost münasibətləri və strateji əməkdaşlığın burada yaşayan azərbaycanlılar üçün vacib rol oynadığını xüsusi vurğulayır.

Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin bəyanatında isə deyilir ki, "Biz jurnalistlər dövrün tələblərinə uyğun ölkəsinə xidmət edən və həmişə ona sadiq qalan rəhbəri dəstəkləyir və inanırıq ki, İlham Əliyev öz müdrik siyasi addımları ilə dünyada fərqlənən bir liderdir".

Təşkilatlar öz bəyanatında 9 oktyabr prezident seçkilərində Gürcüstan azərbaycanlılarını İlham Əliyevin namizədliyini dəstəkləməyə çağırır.

Bütün xəbərlər Facebook səhifəmizdə