Prezidentliyə namizədin mitinq-görüşü olub

Prezidentliyə namizədin mitinq-görüşü olub

BAXCP sədri, prezidentliyə namizəd Qüdrət Həsənquliyev Yasamal rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda görüş-mitinq keçirib. Azərbaycanın Dövlət Himni ilə başlayan mitinqi BAXCP sədr müavini Elçin Mirzəbəyli açıq elan edib.

E.Mirzəbəyli prezidentliyə namizəd Q. Həsənquliyevin avtobioqrafiyası barədə mitinq iştirakçılarına məlumat verib. Daha sonra Q. Həsənquliyev çıxış edib. O qeyd edib ki, hazırda ölkədə seçki öncəsi həssas durum yaşayır: "Bundan da bəzi qüvvələr istifadə etmək istəyir. Bir müddət əvvəl Moskvada "Milyarderlər ittifaqı" adında qrup yaratdılar. Guya diaspor işi ilə məşğul olmalı idilər, əksinə, sifarişlə Azərbaycanın daxili işinə qarışmağa başladılar. Rusiyanın Azərbaycandakı emissarlarının köməkliyi ilə kinorejissor Rüstəm İbrahimbəyov qabağa verildi. Onun təşəbbüsü ilə Milli Şura deyilən qurum yaradıldı, lakin o öz vicdanı ilə hərəkət etmədi, nəticəsi də göz qabağındadır".

Q.Həsənquliyev hazırda Milli Şurada toplaşanları və onların namizədi Cəmil Həsənlini saxtakarlıqda ittiham edib: "Cəmil Həsənli nə qədər ki, mandat sahibi, deputat idi, bu hakimiyyət barədə bəlağətli çıxışlar edirdi. Belə bir şəxs növbəti dəfə parlamentə seçilmədikdə birdən-birə radikallaşmağa başladı. İndi də onu dəstəkləyənlər hər gün bir-birini söyüb təhqir edirlər. Rəsul Quliyev deyir ki, Cəmil Həsənli seçkidə heç 0,5 faiz də səs toplamayacaq. Budur bunların bir-birinə münasibəti. Cəmil Həsənli prezident olmaq istəyir, amma nəinki dövləti, heç yanındakı Əli Kərimlini idarə edə bilməz. Onların hakimiyyətə gəlməsinə imkan vermək olmaz".

Daha sonra o, hüquq, səhiyyə, təhsil və digər sahələrdə islahatların aparılmasının vacibliyini qeyd edib. Qarabağ münaqişəsinə toxunan Q. Həsənquliyev deyib ki, Neft Fondunun gəlirinin 80 faizi silah alışına yönəldilməlidir: "Azərbaycan prezidenti Ermənistana qarşı sərt çıxış edir, bu çıxışlar da öz nəticəsini göstərir. Hər il daha çox sayda erməni Ermənistanı tərk edir. Bununla belə, Azərbaycan peşəkar orduya keçməli, torpaqların işğaldan azad olunması istiqamətində qəti addımlar atmalıdır".

Sonda Q.Həsənquiyev bir sıra seçicilərin təkliflərini dinləyib.

Aksiya dövlət himninin səslənməsi ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə