Elmar Məmmədyarov: “Dağlıq Qarabağ münaqişəsi regional inkişafa maneçilik törədir”
Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 68-ci sessiyasında iştirak etmək üçün Nyu-Yorka səfəri çərçivəsində "Xəzər Forum"nun işinə qatılaraq çıxış edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, forumda Azərbaycan, Türkiyə, Gürcüstan, Xorvatiya, Bosniya və Herseqovina, Makedoniya və Albaniya xarici işlər nazirləri, həmçinin ABŞ-ın Beynəlxalq Enerji Məsələləri üzrə Səfiri və Avropa İttifaqının Mərkəzi Asiya üzrə Xüsusi Nümayəndəsi iştirak ediblər.
Nazir Elmar Məmmədyarov öz çıxışında Azərbaycanın enerji strategiyası barədə ətraflı məlumat verib və regional enerji layihələrinin əhəmiyyətini vurğulayıb. Nazir qeyd edib ki, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən və siyasi iradəsi ilə Xəzər dənizində beynəlxalq əməkdaşlığın təməli qoyulub və "Əsrin Müqaviləsi"nin imzalanması ilə reallaşmağa başlayan enerji dəhlizi bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən atılan qətiyyətli addımlarla daha da genişlənərək və şaxələnib.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışan nazir Elmar Məmmədyarov, TANAP və TAP layihələri, eləcə də bu layihələrin iştirakçısı olan ölkələr üçün strateji əhəmiyyətini qeyd edib. Nazir bu layihələrin region dövlətlərinin iqtisadi tərəqqisi və sabitliyinin təmin olunmasında oynadığı roldan söz açıb.
Ermənistan-Azərbaycan münaqişəsinin regional inkişafa mane törətdiyini qeyd edən nazir, bu münaqişənin tezliklə həllinin vacib olduğunu və bunun üçün ilk növbədə Ermənistan qoşunlarının ölkəmizin işğal olunmuş ərazilərindən çıxarılmasının, etnik təmizləmə siyasəti nəticəsində doğma yurd-yuvalarından qaçqın və didərgin düşmüş insanların geri qayıtmasının zəruri olduğunu xüsusi vurğulayıb.
Elmar Məmmədyarov bildirib ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnamənin tələblərini yerinə yetirməyən Ermənistan, öz işğalçı siyasəti nəticəsində regionun bütün strateji layihələrindən kənarda qalıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB