Oftalmoloqların seçimi İlham Əliyevdir FOTO

Oftalmoloqların seçimi İlham Əliyevdir FOTO

Yeni Azərbaycan Partiyası Binəqədi rayonu Seçki Qərargahı YAP-ın prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin seçiciləri ilə görüş keçirib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP Binəqədi rayon təşkilatı Milli Oftalmologiya Mərkəzinin ərazi ilk partiya təşkilatının sədri Elmar Qasımov bildirib ki, Azərbaycanın müstəqil dövlət kimi dünyanın bir çox aparıcı dövlətləri səviyyəsində inkişafı Ulu Öndər Heydər Əliyevin məqsədli fəaliyyəti nəticəsində reallaşıb.

"Ümummilli Liderin uğurlu siyasətini layiqli şəkildə davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin son 10 ildəki fəaliyyəti ölkəmizin yeni inkişaf dövrü yaşamasına səbəb olub. Azərbaycanın sürətli iqtisadi inkişafı, məqsədyönlü islahatlar, uğurla icra olunan dövlət proqramları, bütün sahələrdə olduğu kimi, səhiyyənin inkişafına da təsirini göstərir.Səhiyyədə aparılan uğuru islahatlar əhalinin sağlamlığının təminatına istiqamətlənib. Azərbaycan dövləti insanların sağlamlığını prioritet məsələ kimi daim diqqət mərkəzində saxlayır"- deyə, o fikirlərinə əlavə edib.

O qeyd edib ki, Azərbaycan səhiyyəsində əldə olunan uğurlar Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamların, ölkə səhiyyəsində islahatların aparılmasının məntiqi nəticəsidir.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov vurğulayıb ki, xalqımız tarixi ictimai-siyasi hadisə olan 9 oktyabr prezident seçkiləri ərəfəsindədir: "2003-cü ildə başlayaraq bu günə qədər 10 ildə müxtəlif sahələrdə görülən işlər Azərbaycanın inkişafına, iqtisadi uğurlarımıza, möhtəşəm layihələrin reallaşmasına, Azərbaycanın dünyaya inteqrasiya prosesinin sürətlənməsinə səbəb olub".

Seçicilərə üzünü tutan rayon təşkilatın sədri 9 oktyabr tarixində onları düzgün seçim edərək, cənab İlham Əliyevə səs verməyə çağırıb.

Görüşdə çıxış edən mərkəzin şöbə müdirləri Nübar Haşımova, Aytən Sultanova, Saləddin Məmmədov və başqaları bildiriblər ki, qəbul edilən müxtəlif dövlət proqramlarının uğurla icrası nəticəsində abadlıq-quruculuq, yenidənqurma işləri sürətlənib, əhaliyə göstərilən sosial xidmət yüksəlib, sosial infrastruktur layihələri həyata keçirilib: "Cənab İlham Əliyevə verəcəyimiz hər bir səs gələcək uğurumuz, rahat və firavan həyatımız Azərbaycanın müstəqilliyinin təminatıdır".

Tədbirin sonunda Milli Oftalmologiya Mərkəzinin ərazi ilk partiya təşkilatının sədr müavini Pərixanım Məmmədova bildirib ki, 600 mindən çox üzvü olan YAP-ın sıraları genişlənir: "Bu, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş, partiyanın sədri İlham Əliyevin nüfuzundan irəli gəlir".

Sonra partiya sıralarına qəbul olunmuş bir qrup gəncə partiya vəsiqələri təqdim olunub və təşkilata yeni üzv olmaq istəyən əməkdaşların məsələlərinə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə