YAP Səbail rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib

YAP Səbail rayon təşkilatında qadın seçicilərlə görüş keçirilib

9 oktyabr 2013-cü il tarixində keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının (YAP) namizədi, cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Partiyanın Səbail rayon təşkilatı Qadınlar şurasının sədri Nübar Muxtarova qadın seçicilərlə görüş keçirib. SİA-nın məlumatına görə, görüşdə YAP İdarə heyətinin üzvü, YAP Səbail rayon təşkilatının sədri Zahid Qaralov da iştirak edib.

YAP Səbail rayon təşkilatı Qadınlar şurasının sədri Nübar Muxtarova qadın seçiciləri salamlayaraq, onları birmənalı şəkildə 9 oktyabrda keçiriləcək seçkilərdə Prezident İlham Əliyevə səs verməyə çağırıb: "Dövlət başçısı İlham Əliyevin hakimiyyətdə olduğu son 10 il Azərbaycan üçün tarixi məqamdır. 10 il ərzində ölkəmiz günü-gündən inkişaf edib və gözəlləşib. Biz hər zaman olduğu kimi, YAP-ın sədri, cənab İlham Əliyevin ətrafında birləşmişik. 9 oktyabrda biz öz qələbəmizi çalmalıyıq. İnanıram ki, bu qələbə yüksək faizlə olacaq. Son 10 il ərzində yəni, 2003-cü ildən bu yana ölkəmizdə xeyli sayda uğurlar və nailiyyətlər əldə edilib. Əminəm ki, bütün Azərbaycan vətəndaşları 9 oktyabrda öz səslərini cənab İlham Əliyevə verəcəklər. Hətta belə bir misal da var ki, "xalqın gözü tərəzidir". Ümummilli lider Heydər Əliyev bizim bugünkü dövlətçiliyimizin və müstəqilliyimizin memarıdır. Cənab İlham Əliyev isə bu siyasi kursun uğurlu davamçısıdır".

Daha sonra Aliyə Təhmasib, Təranə Muradova, gənclərdən Xanım Yaqubəliyeva və s. çıxış edərək bildiriblər ki, nə qədər ki Azərbaycan və onun xalqı yaşayacaq, Ulu Öndər Heydər Əliyevin gördüyü işlər də bir o qədər yaşayacaq.

Natiqlər Azərbaycan dövlətinin son 10 il ərzində necə inkişaf etdiyindən və dövlətimizin bütün sahələrdə qazandığı uğurlardan söhbət açıblar. Bildirilib ki, hər kəs bir nəfər kimi 9 oktyabrda müəyyən olunmuş məntəqələrə gələrək, cənab İlham Əliyevə öz səsini verib Azərbaycanın qələbəsini təmin etməlidir.

YAP İdarə heyətinin üzvü, hakim partiyanın Səbail rayon təşkilatının sədri Zahid Qaralov "Kaspi" qəzetinə verdiyi müsahibəni xatırladaraq bildirib ki, Xalq cəbhəsi Qorbaçovun törəməsi, "ölü doğduğu övlad"dır: "Bu törəmələr də öz rollarını oynayaraq Azərbaycanı çox ağır vəziyyətə saldılar. Hakimiyyətə gəldilər, ancaq cəmi 11 ay ömürləri oldu. Xalq onlara öz yerlərini göstərdi. Sonra parçalana-parçalana bu günə gəlib çıxdılar. İndi də bir-birinin üzünə durur, öz mənafeləri naminə hər vasitəyə əl atırlar".

Zahid Qaralov deyib ki, hazırda ölkəmizin hər bir yerində, bölgələrdə gedən inkişaf, aparılan uğurlu islahatlar göz qabağındadır: "Bura tək paytaxt Bakını deyil, eləcə də Azərbaycanın ən ucqar kəndlərini şamil edə bilərik. Əminik ki, məhz sizlərin dəstəyi ilə hakim partiya yenə də qalib olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə