Mübariz Əhmədoğlu: “ATƏT-in aralıq hesabatı Azərbaycanın seçki prosesinə müdaxilə etmədiyini göstərir” MÜNASİBƏT
"ATƏT-in aralıq hesabatında müşahidə missiyasının irad tutduğu məsələlər özü sübut edir ki, Azərbaycan hökuməti seçki prosesinə müdaxilə etməyib və etmək fikrində də deyil". Bu sözləri SİA-ya politoloq Mübariz Əhmədoğlu ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçki müşahidə missiyasının Azərbaycanda keçiriləcək prezident seçkiləri ilə bağlı aralıq hesabatında yer alan iradlara münasibət bildirərkən deyib. O bildirib ki, hesabatda qadınların prezident seçkilərində iştirak etməməsi məsələsi ilə bağlı iradlar qeyri-obyektiv yanaşmadır.
Onun sözlərinə görə, Azərbaycan qadını Avropa məkanında ən inkişaf etmiş qadın simasıdır: "Azərbaycanda seçki hüququ olanda Avropada belə bir hüquq yox idi. Qadınlarımız kifayət qədər aktiv və fəaldır. Onlar fikirləşirlər ki, Azərbaycan hökuməti prezident seçkilərində iştirak etmək üçün qadın namizədi tapa bilmir, amma, belə deyil. Azərbaycanda prezidentliyə namizəd və digər vəzifələri tutmağa qadir bir çox qadın var. Hazırda siyasətlə məşğul olan, cəmiyyət arasında tanınan, nüfuz və vəzifə sahibi olan qadınlarımız az deyil. Onlar bu hesabatla nə demək istəyirlər? Azərbaycanda demokratik seçkilərin keçirilməməsi böhtanı altında dövlətçiliyimizi məhv etmək istəyirlər? Azərbaycan mürəkkəb bir regionda yerləşən, var-dövlətə, güclü təbii resurslara malik olan dövlətdir. Bu gün Azərbaycan dövlət başçısının yürütdüyü uğurlu siyasət çoxlarını narahat edir. Azərbaycanda seçki prosesi zamanı heç bir mitinqə maneçilik törədilməyib. Siyasi partiyalar da bilir ki, onlar üçün ayrılan yerdə rahat şəkildə mitinq təşkil etməkdə sərbəstdirlər. Bundan əlavə, hesabatda əks olunan məsələlərdən biri də odur ki, guya Azərbaycan Venesiya Komissiyası tərəfindən irəli sürülən təklifləri qəbul etmir. Venesiya Komissiyasının seçkinin tərkibi ilə bağlı irəli sürdüyü təklifin mahiyyəti Azərbaycanda seçki prosesini iflic hala salmaqdırsa, Azərbaycanın monitorinq missiyası ilə bağlı verdiyi təklif aşkarlığa, demokratiya və şəffaflığa söykənir. Hər bir ATƏT monitorinq müşahidəçisi apardığı müşahidələrlə bağlı qeydlərini mətbuata verə bilər. Lakin monitorinq missiyası müşahidəçilərə məlumat yaymağı qadağan edir. Monitorinq missiyasının rəhbəri məlumatları özünün əldə etdiyi sifarişə, siyasi marağına uyğun olaraq dəyişir. Fikirləri təhrif edərək istədiyi şəklə sala bilir. Bu baxımdan da onların irəli sürdüyü iradlar bir daha onu göstərir ki, Azərbaycan seçki prosesinə müdaxilə etmir, etmək fikrində də deyil".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB