Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyev Fondunun dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksinin açılışında iştirak edib. SİA-nın məlumatına görə, son dövrlərdə Azərbaycan həqiqətlərinin dünyada yayılması istiqamətində görülən işlərin miqyası daha da artıb. Bu işdə Azərbaycan dövləti ilə yanaşı, Heydər Əliyev Fondu da çox mühüm və tarixi işlər görür. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Fond istər ölkədən kənarda, istərsə də respublikamızda bu istiqamətdə çox vacib layihələr reallaşdırır. Heydər Əliyev Fondunun dəstəyi ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması Fondun bu məsələyə nə dərəcədə həssas yanaşdığını nümayiş etdirir. Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkar edilib.
2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə "Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsini əbədiləşdirilməsinə dair tədbirlər planı" təsdiq edilmiş, aşkar olunan kütləvi məzarlığın yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin aparılması qərara alınıb. 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb, 2008-ci ilin sentyabrında isə tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı olduğu müəyyən edilib.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva əvvəlcə kompleksin məlumat mərkəzində yaradılmış şəraitlə tanış olublar. Dövlət başçısı və xanımı burada kompleksin sxemini əks etdirən stendlərə baxıblar. Bildirilib ki, kompleksdəki bütün bölmələr və eksponatların yanında quraşdırılan xüsusi audio bələdçi qurğuları vasitəsilə ingilis, rus və Azərbaycan dillərində ətraflı məlumat almaq mümkündür.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva ərazisində görülən işləri əks etdirən stendlərə baxınlar. Dövlət başçısı soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad etdi, kompleksin önünə əklil qoyub.
Kompleksin ekspozisiya zalı ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, aşkar olunan kütləvi məzarlığın ümumi sahəsi 514 kvadratmetrdir. Onun 494 kvadratmetrlik hissəsində tədqiqat işləri aparılsa da 20 kvadratmetr ərazi beynəlxalq tədqiqat işləri üçün saxlanılıb. Tədqiqat işlərinin nəticəsi olaraq məzarlıqda müxtəlif yaş qruplarına aid 400-dən çox insan cəsədinin qalıqları aşkar edilib. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən çoxu qadınlara, qalanları isə əsasən yaşlı kişilərə aiddir. Müəyyən edilib ki, məzarlıqda azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək basdırılıb.
Bildirilib ki, kütləvi məzarlığın yerləşdiyi ərazini sel sularından qorumaq məqsədilə Qudyalçayın məcrasında uzunluğu 400 metr olan qoruyucu beton bənd inşa olunub. Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri soyqırımı siyasəti nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilib. 1918-ci ilin aprel-may aylarında yalnız Quba qəzasında 167 kənd tamamilə məhv edilib.
Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılmasına başlanılıb. Kompleksin 3,5 hektarlıq ərazisində geniş quruculuq işləri görülüb. Quba Soyqırımı Memorial Kompleksində rəmzi məzarlıq sahəsi yaradılıb. Qalereyada yaradılan inzibati binanın tikinti sahəsi 320 kvadratmetrdir. Burada zəngin kitab fondu ilə təchiz olunan kitabxana, arxiv və digər inzibati otaqlar vardır. Kompleksin tərtibatı orijinallığı ilə seçilir. Buradakı abidə üç hissədən – sivri uclu bıçaqları xatırladan iki konstruksiya, eləcə də ortada xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları ürəkləri parçalayan şiddətli ağrıları təcəssüm etdirir. İti ucların yerin altından çıxması isə həqiqəti gizlətməyin mümkün olmadığını göstərir. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Memarlar soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq matəm sükutunu təcəssüm etdirməyə çalışıblar.
Kompleksdə XX əsrin əvvəllərində Quba şəhərinin müxtəlif ərazilərinin görüntüləri, o zaman burada aparılan tikinti-quruculuq işləri, əhalinin həyat tərzi haqqında fotolar var. Buradakı xüsusi bölmədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, bununla bağlı maraqlı fotolar yer alıb. Kompleksdə quraşdırılan sensor ekranlı monitordakı xüsusi xəritədə ermənilərin ötən əsrdə xalqımıza qarşı respublikamızın müxtəlif bölgələrində həyata keçirdikləri soyqırımları barədə bir neçə dildə məlumat əldə etmək mümkündür. Burada ümummilli lider Heydər Əliyevin azərbaycanlılara qarşı həyata keçirilən soyqırımı siyasətinin ifşa olunaraq dünya ictimaiyyətinə çatdırılması istiqamətində gördüyü işlər, bunun üçün imzaladığı sərəncamların nümayiş etdirildiyi guşə də yaradılıb. Həmçinin Quba, Cavad, Göyçay, Şamaxı və Bakı qəzaları barədə məlumatların və bu qəzalarda ermənilərin törətdikləri vəhşiliklər haqqında dolğun məlumatlar var. Bu guşələrə həm də qəzaların əhalisi, müdafiəçiləri, müsəlman qırğınları üzrə Fövqəladə Təhqiqat Komissiyasının məlumatları, sənədləri, Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətinin sənədləri sərgilənir. Kompleksdə kütləvi məzarlığın fotoları, məzarlıq ərazisində tapılan soyuq silah və digər əşyalar da var. Burada, həmçinin Azərbaycan, İran, Böyük Britaniya və digər ölkələrin ictimai, siyasi, dövlət və hərbi xadimlərinin ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı barədə fikirləri yer alıb. Qafqaz İslam Ordusunun və Azərbaycan hərbçilərinin fotoları da maraq doğurur. Ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı qətlə yetirilənlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun atdığı bu addım tarixi əhəmiyyəti ilə seçilir.
Komplekslə tanışlıqdan sonra dövlət başçısı burada Quba rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb. Dövlət başçısı mərasimdə çıxış edib.
Rayon sakini İsa Şirinov, Quba Dağ Yəhudiləri İcmasının sədri Boris Simanduyev, Qusar rayon sakini Qorxmaz Muradov Azərbaycan Prezidentinə minnətdarlıqlarını çatdırıblar.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva soyqırımı qurbanlarının xatirəsinə ağac əkiblər.
Sonda xatirə şəkli çəkdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB