"Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz inkişaf baxımından dünyada lider dövlətlər sırasındadır"

"Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz inkişaf baxımından dünyada lider dövlətlər sırasındadır"

Bu gün Daşkəsən rayonunun Quşçu kəndində seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, görüşdə çıxış edən prezidentliyə namizəd Cənab İlham Əliyevin səlahiyyətli nümayəndəsi, YAP İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Yeni Azərbaycan Partiyasının Sədri, dövlət başçısı İlham Əliyevin son 10 il ərzində gördüyü işlər haqqında məlumat verib.

M. Qurbanlı bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin siyasəti nəticəsində ölkəmiz inkişaf baxımından dünyada lider dövlətlər sırasındadır.

"Bu gün Azərbaycan Cənubi Qafqaz bölgəsinin lideridir. Ölkəmizin razılığı olmadan bölgədə hər hansı qlobal və regional layihələr həyata keçirilə bilməz. Eyni zamanda, Azərbaycan Avropanın enerji təhlükəsizliyinə böyük töhfələr verməkdədir ki, bu da ölkəmizin beynəlxalq aləmdə artan nüfuzunun göstəricisidir"- deyən M.Qurbanlı ötən dövrdə əhalinin sosial rifahının yüksəlməsi istiqamətində görülən işlərdən də danışıb.

Seçiciləri İlham Əliyevə səs verməyə çağıran YAP İcra katibinin müavini İlham Əliyevin xalqın namizədi olduğunu qeyd edib.

Görüşdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev də çıxış edərək İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurlu hüquqi və siyasi islahatların həyata keçirildiyini bildirib. Onun sözlərinə görə, bu islahatlar məhz xalqımızın maraqlarına xidmət edir.

Tədbirdə çıxış edən seçicilər artıq seçim etdiklərini, 9 oktyabrda, məhz cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə