Dövlətin gənclərə qayğısı danılmazdır

Dövlətin gənclərə qayğısı danılmazdır

Müsahiblərimiz dövlətin gənclərə göstərdiyi diqqət və qayğıya münasibət bildiriblər:

Taleh Məmmədov: "İşlərimizdə daha məsuliyyətli olmalı və zamanın tələbinə uyğun şəkildə biliklərimizi artırmalıyıq"

YAP Xəzər rayon Gənclər Birliyinin sədri Taleh Məmmədov: "Əsası xalqımızın Ümumilli Lideri Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edən gənclər siyasəti zamanın tələbinə uyğun şəkildə qurularaq, hər bir gənc üçün bir çox imkanlar yaradır. Xaricdə alınan təhsildən tutmuş sahibkarlıq fəaliyyətinə qədər gənclərə bütün qapılar açıqdır. Sadəcə bunları dəyərləndirmək və dövlətin siyasətindən faydalanmaq lazımdır. Düşünürəm ki, bu gün dövlət gənclər siyasətindən lazımınca yararlanan, özləri üçün biliklər qazanan çoxlu sayda gənclərimiz var. Onlar dövlətin göstərdiyi bu qayğını və etimadı lazımınca dəyərləndirirlər. Bu gün gənclər seçkili orqanlarda, dövlət müəssisələrində ictimai sektorda, elm müəssisələrində, hətta qərar qəbulu səviyyəsində də layiqincə təmsil olunurlar. Fikrimcə, dövlətin bizlərə olan bu inam və etimadını gələcəkdə də layiqincə doğrultmaq üçün var qüvvəmizlə çalışmalıyıq. Biz işlərimizdə daha məsuliyyətli olmalı və zamanın tələbinə uyğun şəkildə biliklərimizi artırmalıyıq".

Zəkiyyə Musayeva: "Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev zəkasının işığından bəhrələnib"

YAP Suraxanı rayon Gənclər Birliyinin sədri Zəkiyyə Musayeva: "Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev zəkasının işığından bəhrələnərək, dövlətimizin möhkəmlənməsində mühüm rol oynayaraq onun aparıcı qüvvəsinə çevrilib. Biz YAP üzvləri o gəncliyin bir hissəsi olmağımızdan qürur duyuruq. Bu gün respublikamızda yüksək, intellektual səviyyəsi, siyasi dünya görüşü, idarətmə bacarığı ilə fərqlənən yeni siyasətçilər nəsli yetişir. Onu da qeyd edim ki, biz Ümummilli liderimizlə bir dövrdə yaşamaq xoşbəxtliyimizdən istifadə edərək, onun hər bir nitqindən, fəaliyyətinin hər anından məktəb kimi dərs aldıq. Bu isə bizim savadlı, intellektual, ağıllı, məntiqli gənclər kimi yetişməyimizə səbəb oldu".

Rəşad Rəhmanov: "Ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən biridir"

YAP Siyəzən rayon Gənclər Birliyinin sədri Rəşad Rəhmanov: "Sürətlə inkişaf etməkdə olan ölkəmizdə sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakı nəzərə çarpır. Gənclər nəinki bu prosesin iştirakçısı qismində, hətta həyata keçirilən fəaliyyətlərin aparıcı qüvvələri kimi də çıxış edir. Bu gün gəncliyin innovativ potensialından geniş istifadə olunaraq cəmiyyətin maraqlarının təmin edilməsinə şərait yaradılır. Belə ki, hazırda istənilən sahədə gənclərin fəallığına rast gəlmək olar. Azərbaycanda həyata keçirilən gənclər siyasəti çox uğurlu bir modeldir və bu gün bu model öz bəhrəsini verir. Mən bu gün tam əminliklə deyə bilərəm ki, Azərbaycanda həyata keçirilən gənclər siyasəti bütün dövlətlər üçün nümunə ola bilər. O cümlədən biz Siyəzən gəncləri olaraq bu proseslərdən kənarda qalmırıq. Gənclərin ictimai fəallığı, sosial şəbəkələrlə bağlı keçirdiyimiz treyninq və toplantıları buna əyani sübut kimi göstərə bilərik. Bu gün biz fərqindəyik ki, ölkəmizdə gənc nəslə diqqət və qayğı dövlətin ən mühüm fəaliyyət istiqamətlərindən birinə çevrilib, Azərbaycan gənclərinin təşkilatlanması əsas məqsədlərdən biri kimi qarşıya qoyulub".

Cahid Süleymanov

Bütün xəbərlər Facebook səhifəmizdə