Erməni mətbuatı: "Ermənistanın biyabırçılığı üzərində əncir yarpağı"

Erməni mətbuatı: "Ermənistanın biyabırçılığı üzərində əncir yarpağı"

Ermənistanın "Lragir" nəşrinin saytında iki məqalə dərc edilib. "Ermənistanın biabırçılığı üzərində əncir yarpağı" (bax: http://www.lragir.am/index/rus/0/society/view/32191) və "Təkcə Qalust Saakyanın cəsarəti çatdı" (bax: http://www.lragir.am/index/rus/0/country/view/32245).

Bu məqalələri olduğu kimi və şərhsiz təkrar çap etməyə dəyər. SİA AzərTAc-a istinadən həmin məqalələri oxuculara təqdim edir.

"Ermənistanın biyabırçılığı üzərində əncir yarpağı"

Hakim koalisiya Serj Sarkisyanın və Ermənistanın məğlubiyyətinə və alçaldılmasına haqq qazandırmağa başlayıb. Ermənistan Respublikaçılar Partiyasını təmsil edən və hər şeyə haqq qazandırmağa hazır olan növbətçi deputatlar, ən təhqiramiz bəyanatları öz üzərinə götürən Artur Baqdasaryan bu biabırçılığın üstünü əncir yarpağı ilə örtməyə çalışır.

Biz kimə və nəyi sübut edirik? Özümüzə haqq qazandırmaqdansa susmaq yaxşıdır, açıq etiraf etmək yaxşıdır ki, bizi balaca oğlan uşağı kimi aldatdılar, qulağımızı burdular və üç il yarım ərzində hazırladığımızın dadına baxmağa icazə verməyib, ağzımızın suyunu axıtmağa məcbur etdilər.

Gəlin heç olmasa bu alçaldılmanı ləyaqətlə qarşılayaq, səsimizi çıxarmayaq, özümüzü elə göstərməyək ki, guya heç nə olmayıb. Onsuz da 3 sentyabr günü tarixdə bizim milli şərəfsizlik günü kimi qalacaqdır. Həmin gün qərar qəbul edənlər hələ uzun illər boyu bu qərara görə özlərinə haqq qazandırmağa çalışacaqlar - daşnakların Birinci Respublika ilə bağlı əhvalatlara görə indiyə qədər özlərini təmizə çıxarmağa çalışdıqları kimi.

Hər hansı başqa dövlətdə bu cür biabırçılıqdan sonra milli ləyaqət hissi güclənərdi. Ermənistanda isə bu biabırçılıqla hamı çox asanlıqla barışdı, hətta bundan ləzzət almağa başladı. Hakimiyyətdə olanların heç biri istefa vermədi, heç kəs demədi ki, məcburi şəkildə qəbul edilmiş qərarları tanımır. Görünür, nəyisə məcburiyyət üzündən etmək Ermənistan elitası üçün təzə məsələ deyil və onun "tərəfdaşları" da bunu yaxşı başa düşürlər.

Məsələ təkcə onda deyildir ki, bizim Avropa İttifaqı üzrə artıq hazır olan sazişi imzalamağımıza imkan vermədilər. Məsələ hətta onda da deyildir ki, bizi əslində mövcud olmayan Avrasiya İttifaqına zorla qovub saldılar. Məsələ ondadır ki, bizimlə alçaldıcı, təhqiramiz şəkildə rəftar etdilər, bu ittifaqda bizim üzvlüyümüzün necə olacağını göstərdilər. Qəddafi onun ordusu darmadağın ediləndə yox, həyatının son dəqiqələrini göstərəndə məhv oldu. Gəlin biz də öz milli ləyaqətimizə, Üçüncü Respublikaya, milli "elita"ya matəm saxlayaq. Bəlkə bu matəm xoşagəlməz ikrah hissini aradan qaldırmağa kömək edər.

"Təkcə Qalust Saakyanın cəsarəti çatdı"

Bu gün parlamentdə Ermənistanın Gömrük İttifaqına daxil olması məsələsinə dair qapalı müzakirə aparılmalıdır. Həmin müzakirəyə xarici işlər naziri Edvard Nalbandyan da dəvət edilib.

Müzakirənin nə üçün qapalı olması aydındır - Edvard Nalbandyan deputatlara bunları deməli olacaq: Serj Sarkisyanı fakt qarşısında qoyublar; heç kəs Gömrük İttifaqından heç bir yaxşı şey gözləmir; Avropa siyasətinin iflasa uğramasına görə hamı təəssüflənir, lakin "rus çarı ilə danışmaq" hər kəsin hünəri deyil. Deputatların çoxu bunu başa düşəcək, çünki onların hər biri məcburiyyət üzündən qərar qəbul edilməsini qəlbən mümkün sayır və alçaldılmanı siyasi kateqoriya hesab edir.

Dünən erməni deputatlar Ermənistanın siyasi məkanının parıltısını və miskinliyini açıq göstərdilər. Bəzilər deyirdi ki, Serj Sarkisyan onlarla məsləhətləşib, digərləri bildirirdilər ki, Sarkisyan heç kəslə məsləhətləşməli deyil, üçüncülər izahat tələb edirdi, amma heç kəs kimlərinsə istefa verməsini tələb etmədi. Hərçənd, xarici işlər nazirinin istefa verməsi vacib idi - əgər nazir 3,5 il ərzində ölkənin bir ittifaqa daxil olması üçün sənədlər hazırlayıb, ölkə isə başqa ittifaqa daxil olursa, deməli, bu nazir daha heç bir işə yaramır.

Dünən zavallı deputatlara baxanda adamın onlara yazığı gəlirdi – sən demə, onların fikri heç kəsi maraqlandırmır, əslində fikir yoxdur axı! Təkcə Qalust Saakyan rus carının müşavirini yaramaz adlandırmağa özündə cəsarət tapdı.

"Firavanlaşan Ermənistan" partiyasının mövqeyi yəqin ki, ən sadə mövqedir. Əgər həmin partiya Serj Sarkisyanı bundan sonra da tənqid edərsə, Moskvanın qarşısında cavab verməli olacaq. Buna görə də tənqid etməkdənsə, koalisiyaya daxil olmaq və öz adını milli şərəfsizlik tarixinə yazmaq yaxşıdır.

Əlbəttə, gözləmək olar ki, qapalı dinləmələrdə müxalifətçi deputatlar Nalbandyanı divara qısnayacaqlar. Lakin bunu heç kəs görməyəcəkdir, çünki iclas qapalı keçirilir. Bütün deputatlar oradan "maariflənmiş" şəkildə çıxacaq, alimnüma görkəmlə deyəcəklər ki, başqa çıxış yolu yox idi və "bunun belə də olacağını biz çoxdan deyirdik". Xüsusən ona görə ki, Nalbandyan onlara çətin ki, nə isə əhəmiyyətli bir söz desin.

Bütün xəbərlər Facebook səhifəmizdə