Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Naftalanda Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib. SİA-nın məlumatına görə, dövlət başçısı Mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Məlumat verilib ki, bu Mərkəzin yaradılması Azərbaycanın bütün bölgələri kimi, Naftalanın da inkişafına daim diqqət və qayğı göstərən Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin dövlətçilik irsinin öyrənilməsi məqsədinə xidmət edir. Şəhərin Heydər Əliyev Parkında yerləşən Mərkəzin inşasına ötən ilin avqustunda başlanılıb, bu ilin sentyabrında başa çatdırılıb.
Mərkəzin ikimərtəbəli binasının tikinti sahəsi 722 kvadratmetrdir. Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən fotostendlər yaradılıb. Bu stendlərdə Ümummilli Liderin Naftalana səfirlərini, eləcə də mədəniyyət və idmana göstərdiyi diqqət və qayğını əks etdirən fotolar yer alıb. Dahi siyasət xadiminin 1969-1982-ci illərdə Azərbaycana rəhbərlik etdiyi dövrü, həmçinin SSRİ Nazirlər Sovetinin birinci müavini işlədiyi illəri əks etdirən fotolar da böyük maraq doğurur. Bu fotolardan məlum olur ki, Azərbaycanı ən çətin sınaqlardan şərəflə çıxararaq onun müstəqillik dayaqlarını daha da möhkəmləndirən Heydər Əliyevin qoyduğu miras bu gün etibarlı əllərdədir. Xalqımız da böyük oğlunun bu misilsiz xidmətlərini unutmur. Onun ölkə və xalq qarşısındakı xidmətləri hər zaman ehtiramla yad olunur.
Naftalan da daxil olmaqla, ölkəmizin bütün bölgələrində yaradılan Heydər Əliyev mərkəzləri də bu amala xidmət edir. Ümummilli Liderin xatirəsinin əbədiləşdirilməsi istiqamətində həyata keçirilən bu layihə nəticəsində gənc nəsil Ulu Öndərin irsini daha dərindən öyrənir və bütün bunlar da Heydər Əliyev siyasətinin Azərbaycanda uğurla davam etdirildiyini göstərir.
Mərkəzdə müxtəlif tədbirlərin kеçirilməsi üçün 120 nəfərlik konfrans zalı, elektron kitabxana, xarici dil kursları, internet otağı, rəsm qalereyası və kiçik konfrans zalı da yaradılıb.
Azərbaycan Prezidenti Mərkəzdə yaradılan şəraitdən razılığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB