Elman Nəsirli: “Qətnamə olmadan ABŞ-ın müharibəyə başlaması ehtimalı böyükdür” MÜNASİBƏT

"Suriya ilə bağlı məsələ get-gedə daralmaqdadır. ABŞ əmindir ki, avqust ayının 21-də Bəşər Əsəd rejimi kimyəvi silahlardan istifadə edib və qətiyyətlə bildirir ki, Bəşər rejimi qırmızı xətti keçdiyinə görə cəzalandırılmalıdır". Bu sözləri SİA-ya politoloq Elman Nəsirli Suriya ilə bağlı məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Suriya məsələsində Rusiya ilə Çinin fərqli mövqeyi var: "Təhlükəsizlik Şurasının daimi üzvləri kimi onlar istəyirlər ki, hərbi müdaxilə məsələlərinə yalnız BMT Təhlükəsizlik Şurası çərçivəsində qiymət verilsin. Lakin ABŞ və Böyük Britaniya əks mövqedədirlər. Onlar düşünürlər ki, belə olan halda BMT Təhlükəsizlik Şurasından kənarda da hərbi müdaxilə keçirmək mümkündür. Çünki kimyəvi silahın tətbiqi artıq bəşəri cinayətdir ".

E. Nəsirli vurğulayıb ki, ABŞ-da həm Respublikaçılar, həm də Demokratlar Partiyasının liderləri hərbi müdaxiləyə müsbət rəyini bildiriblər: "Bilirsiniz ki, ABŞ senatının xarici əlaqələr komitəsi bununla bağlı qətnamə qəbul edib və həmin qətnaməyə görə, ABŞ prezidentinə 2 ay müddətində hərbi əməliyyat aparmaq icazəsi verilib. Müddəti bir ay uzatmaq da mümkündür ".

Siyasi ekspert bildirib ki, bu gün ABŞ konqresinin hər iki palatasının birgə toplantısı olmalıdır: "Həm senat, həm də nümayəndələr palatası yekun qətnamə qəbul etməlidir. Barak Obama bununla bağlı xalqa müraciət edib. Hesab edirəm ki, BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan ABŞ-ın müharibəyə başlaması ehtimalı böyükdür. Əslində 2003-cü ildəki, yəni 10 il əvvəlki ssenari təkrarlana bilər. O zaman da ABŞ və müttəfiqləri mart ayının 19-dan 20-nə keçən gecə BMT Təhlükəsizlik Şurasının qətnaməsi olmadan İraqa qarşı müharibəyə başladı. Lakin bu məsələdə bir məqam da maraqlıdır ki, xarici jurnalistlər Rusiyanın xarici işlər naziri Sergey Lavrovdan soruşublar ki, belə olan halda hərbi müdaxilə reallaşsa, Rusiya hansı addımı atacaq? O isə cavabında bildirib ki, bizim heç kimlə müharibə aparmaq niyyətimiz yoxdur. Lakin hadisələrin gedişatı onu göstərir ki, Bəşər Əsədə qarşı hərbi müdaxilənin başlanması zaman məsələsidir. Siyasi qərar qəbul edilib. Sadəcə ölkə ictimaiyyəti və beynəlxalq ictimaiyyət buna hazırlanmaqdadır".

Bütün xəbərlər Facebook səhifəmizdə