Əjdər Tağızadə: "Urmiya gölünün qurudulması, Tehran rejiminin yürütdüyü siyasətin tərkib hissəsidir"
Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadənin SƏS TV-yə müsahibəsi:
- Əjdər müəllim, İranın yeni seçilmiş prezidenti Urmiya gölünün bərpasında qərarlı olduqlarını, eyni zamanda bununla bağlı müəyyən tədbirlər görəcəklərini bildirir. Sizin məsələyə münasibətiniz necədir?
- Bilirsiniz ki, İranda prezidentlər hər zaman seçilib və onların irəli sürdükləri proqramlar dəstəklənib. Eyni zamanda onların maliyyə imkanları da geniş olub. Əhmədinejad hakimiyyətdən gedəndən sonra məlum olub ki, büdcədən 8 milyard dollar əskikdir. Bu məbləğdə pulun qeyri-müəyyən şəkildə büdcədən yoxa çıxmasının heç araşdırılması belə aparılmadı. Urmiya gölü məsələsi İranda gündəmə gələn zaman, biz də Dünya Azərbaycanlılarının Konqresi və Cənubi azərbaycanlılar olaraq ayağa qalxdıq. Onlar ilk günlərdə bu məsələdə aktual olsalar da, sonradan digər məsələlərdə olduğu kimi, passivləşdilər, mövzunu zamanın axarına buraxdılar. Lakin Urmiya gölünün 75 faizi quruyur və bu gün həmin ərazi təhlükədədir. Onların özlərinin seçdikləri milət vəkilləri belə gölün təhlükədə olduğunu deyirlər. Göldə yaşayan, dünyada nadir olan heyvanların belə məhv olma təhlükəsi var.
- Sözügedən məsələ ilə bağlı konkret olaraq hansı işlər gedir?
- Mən tam əminliklə deyərdim ki, orada problemin aradan qaldırılması ilə əlaqədar heç bir tədbir görülmür. Seçkidən öncə Ruhani bir sıra vədlər verdi. Bu məsələ də onlardan biri idi. Lakin indi prezident postuna gəldikdən sonra göylərlə əlaqəsi olmadığını, möcüzə edə bilməyəcəyini deyir. Mən bir Azərbaycan türkü olaraq deyirəm ki, Urmiya gölünün qurudulması, birbaşa Tehran rejiminin yürütdüyü siyasətin tərkib hissəsidir. Onu da qeyd edim ki, Urmiya gölü kiçik ərazini əhatə edən göl deyil. Bu gölün taleyi, onun ətrafında olan qonşu ölkələrin də marağındadır. Eyni zamanda gölün məhvi həmin ölkələrdə xərçəng kimi qorxulu xəstəliklərin inkişafına və yayılmasına səbəb olacaq. Beləliklə, insanların həyatı ciddi təhlükə ilə üz-üzə qalacaq.
- Azərbaycanlıların mövzu ilə əlaqədar etirazları hansı formadadır?
- Azərbaycanlılar məsələ ilə bağlı bir sıra etirazlar etdilər, lakin onlar həmin insanları azadlıqdan məhrum edərək müxtəlif bəhanələrlə zindana saldılar. Onlara öz sözlərini deməyə şərait yaradılmadı. Tehran rejimi orada mövcud olan vətənsevər azəri türklərini İran rejimini devirməkdə suçlayaraq, həbs edir. Doğrudur, hər bir Azərbaycan türkü öz istiqlalını istəyir. Çünki, onlara qarşı irəli sürülən işgəncəyə dözə bilmirlər, onların azadlıqları, insani hüquqları tapdanır.
- İranda mövcud olan yeni hakimiyyətin azərbaycanlılarla bağlı xoşməramlı hisslər nümayiş etdirdikləri deyilir. Lakin bununla yanaşı, azərbaycanlıların kütləvi həbsləri yenə də davam edir. Mövcud olan vəziyyəti necə izah edərdiniz?
- Mən Ruhanini Şeyx Nəsrüllah adlandırardım. Mən ondan azərbaycanlılara qarşı hər hansı mərhəmət nümayiş etdirəcəyini gözləmirəm. O, nə millətin yaralarını sağaldacaq, nə də ki göl məsələsini həll edəcək. Mənim millətimi gühasız yerə zindanlara məhkum edən bir şəxsin ədalətli siyasət yeridəcəyini gözləmək absurddur. Digər tərəfdən, Tehran rejimində prezidentlər əsas rol oynamırlar. Onların hamısı eyni siyasət nümayiş etdirir, eyni mənsəbə qulluq edirlər. İranda kimin hakimiyyətə gəlməsinə baxmayaraq, orada daima Azərbaycan türkünə qarşı qəddar mövqe olacaq. Tehran rejimi Azərbaycan türkünü sevmir, onu hər cəhdlə məhv etməyə, geri salmağa çalışır. Onlar Azərbaycan Respublikasına da eyni mövqeyi bəsləyirlər. Tehran rejiminin şirin dilinə uymaq olmaz. Bu rejim qonşuluqda Azərbaycan adlı dövlətin olmasını istəmir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB