Hikmət Babaoğlu: “ “Milli Şura” Azərbaycanın siyasi sisteminə yamaq olduğuna görə, iflasa məhkum idi” AÇIQLAMA
"Milli Şura"nın yaranması prosesində xalqın rəyi, mövqeyi nəzərə alınmayıb. Beləcə, həmin qurum ayrı-ayrı şəxslərin siyasi ambisiyaları nəticəsində formalaşan amorf təşkilat idi. Bu mənada hesab edirəm ki, onun dağılmağı da məntiqə uyğun idi". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu "Milli Şura" daxilində baş verən siyasi böhrana, gərginliyə, özbaşınalığa münasibət bildirərkən deyib.
Politoloqun sözlərinə görə, hətta adıçəkilən qurumun heç bir sosial bazası belə yox idi.
Rəsul Quliyevin Müsavat Partiyasının başqanı İsa Qəmbərin ünvanına yönəlik təhqiramiz ifadələrinə gəlincə, Hikmət Babaoğlu deyib ki, burada tək Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev deyil, "Milli Şura"da təmsil olunan hər bir şəxs əslində özünü həmin qurumun ən layiqli namizədi hesab edir və buna da iddialıdırlar: "Məhz buna görə də heç bir məsələdə güzəştə getməyən insanların bir yerdə razılığa gəlməsi mümkün olan məsələ deyil. Siyasət həm dözümlülük, həm də tolerantlıq tələb edir. Həyatı boyu bütün siyasi fəaliyyətini bir-birinin ittihamı üzərində quran liderlərin bir araya gəlməsi və onlardan xalqın, millətin gələcəyi üçün hansısa pozitiv nəticələrin gözlənilməsi sadəlöhvlük olar. Hər şey xalqın iradəsinin əskinə baş verdiyi üçün və bu proseslər Azərbaycanın siyasi sisteminə yamaq olduğuna görə, heç şübhəsiz ki, həmin qurum iflasa məhkum idi".
"Milli Şura"nın jurnalistlərin iştirakı olmadan keçirilən qapalı iclasına da toxunan baş redaktor sözlərinə əlavə edib ki, burada heç bir ciddi məsələ müzakirə olunmayıb: "Kütləvi İnformasi Vasitlərinin (KİV) iclasa buraxılmaması isə hansısa ciddi və strateji qərarın gizlin saxlanılması ilə bağlı deyil. Əksinə bu, "Milli Şura" üzvlərinin psixo-emosional vəziyyətinə hesablanmış addım idi. Çünki, hər kəsə məlumdur ki, müxalifətin bu kimi iclaslarında təhqir, alçaldıcı sözlər, bir-birlərinə qarşı ittihamlar hətta qeyri-etik ifadələr belə səsləndirilir. Bu mənada hesab edirəm ki, jurnalistlərin iclas zalına buraxılmaması da həmin qeyri-əxlaqi, qeyri-etik fikirlərin yayılmaması ilə bağlı idi".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB