İCAPP-ın Gənclər Qolu Bakı Bəyannaməsini qəbul edib YENİLƏNİB

İCAPP-ın Gənclər Qolu Bakı Bəyannaməsini qəbul edib YENİLƏNİB

Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun ikinci toplantısı keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə 18 ölkədən 50-yə yaxın gənc siyasətçi iştirak edib. Toplantıda, həmçinin İCAPP-ın rəhbərliyində təmsil olunan şəxslər - Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi, Milli Məclisin deputatı, İCAPP-ın Daimi Komitəsinin üzvü Əli Əhmədov, İCAPP-ın həmtəsisçisi Xose De Venesia, təşkilatın baş katibi Çunq Ey Yonq, Pakistan Müsəlman Liqasının baş katibi, İCAP Daimi Komitəsinin üzvü Müşahid Hüseyn, İCAPP Gənclər Qolunun sədri, Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım və İCAPP Daimi Komitəsinin üzvü, Tailandın nümayəndəsi Naline Tavesin iştirak ediblər.

Malayziya Baş nazirinin xüsusi məsləhətçisi Dato Seri Şahidan Kasım çıxışı zamanı bildirib ki, İCAPP Gənclər Qolunun ikinci toplantısı çox məhsuldar olacaq: "Mən çox optimistəm ki, bizim ötən müddət ərzində gördüyümüz işlər 2015-ci ildə öz nəticələrini verəcək. Bu toplantıya Asiya ölkələrindən olan müxtəlif baxışlara malik gənclər qatılıblar. Bu günün gəncləri sabahın liderləridir. Bu isə imkan verir ki, onlar gələcəyin siyasətçisi, lideri kimi qətiyyətli və vacib qərarlar qəbul edə bilsinlər".

Malayziya Baş nazirinin xüsusi məsləhətçisi öz çıxışında Dağlıq Qarabağ münaqişəsi nəticəsində xeyli saylı gəncin öz həyatını itirdiyinə görə təəssüfləndiyini bildirib: "Dağlıq Qarabağ münaqişəsi nəticəsində xeyli saylı gənc öz həyatını itirib və bu da Azərbaycan üçün böyük itkidir. Eyni zamanda Yaxın Şərqdə baş verən hadisələrdə gənclər həyatlarını itirirlər. Biz çalışmalıyıq ki, baş verən hadisələrdə gəclərdən düzgün istifadə edək. Liviyada, Misirdə baş verən hadisələr onu göstərir ki, bəzən gənclər düşünmədən bu proseslərə qoşulurlar və nəticədə üsyanlar, digər ağır proseslər yaşanır. Gənclər cəmiyyətin əsas hərəkətverici qüvvəsidir. Hesab edirəm ki, istədiyimiz məqsədlərə çatmaq üçün gənclər düzgün istiqamətləndirilməlidir. Çünki gənclər bizim gələcəyimizdir. Asiya kimi böyük bir regionda gənclərdən düzgün istifadə edə bilmək üçün İCAPP olaraq səylərimizi birləşdirməliyik".

Çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, İCAPP-ın Daimi Komitəsinin üzvü Əli Əhmədov deyib ki, Asiya dünyanın gələcəyinə böyük töhfələr vermək iddiasında olan böyük bir regiondur. İCAPP da buna öz töhfəsini verməkdədir.

Əli Əhmədovun sözlərinə görə, gənclər bunu yüksək qiymətləndirir və etibarlı zəmin hazırlayırlar: "Hər bir xalqın, ümumilikdə dünyanın gələcəyi gənclərin əlindədir. İCAPP-ın qarşısında duran əsas vəzifələrdən biri də quruma üzv olan ölkələrin gənclərinin gələcəyə hazırlanmasının təmin edilməsidir. Biz gələcək gəncliyimizlə fəxr edirik və gəncliyimizə gələcəyimizə zəmanət verən bir kapital kimi baxırıq. Azərbaycan gənc, sürətlə inkişaf edən ölkədir. Azərbaycanın inkişafında gənclərin müstəsna rolu var. Dünya sürətlə inkişaf edir və bu inkişaf bir sıra yerlərdə yoxsulluq, münaqişələrlə müşayiət olunur. Bir yerdə baş verən fəlakətlər digər yerlərə də öz təsirini göstərir. Bu səbəbdən bütün millətlərin birləşib dünyanın xoşbəxt gələcəyini qurması lazımdır".

Əli Əhmədov bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin uzun müddətdir həll olunmaması gənclərin həyatına mənfi təsirini hələ də göstərir: "Gənclik separatizmə, terrorizmə, işğalçılığa qarşı mübarizədə öndə getməlidir".

İCAPP-ın həmtəsisçisi Xose De Venesia Azərbaycanın Avropa ilə Asiyanın qovşağında yerləşdiyini bildirərək bu tədbirin məhz Bakıda keçirilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. O bildirib ki, cəmiyyətdə sosial ədalətin bərqərar olunması istiqamətində gənclərin fəaliyyəti vacibdir və onlar bu prosesə ciddi töfhə verməlidirlər: "Biz əhalinin imkanlı təbəqəsi ilə nisbətən yoxsul şəxsləri arasında körpü yaratmağa, eyni zamanda yoxsulların zənginləşməsinə çalışmalıyıq". Bu istiqamətdə Azərbaycanın çox böyük nailiyyətlərə imza atdığını bildirən Xose De Venesia ölkədə yoxsulluğun səviyyəsinin minimum həddə enməsini xüsusi vurğulayıb və qeyd edib ki, ötən dövr ərzində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən 6 faizə enib.

Gənclər və İdman naziri Azad Rəhimov İCAPP Gənclər Qolunun 2-ci toplantısında çıxışı zamanı deyib ki, Azərbaycanda son 10 il ərzində dövlət başçısı İlham Əliyev tərəfindən gənclər siyasətinin dəstəklənməsi ilə bağlı iki dövlət proqramı qəbul olunub: "Bu proqramlardan biri başa çatıb, digəri isə hazırda icra olunmaqdadır. Əgər 2003- cü ildə gənclər siyasətinin dəstəklənməsi ilə bağlı dövlət büdcəsindən 245 min manat ayrılmışdısa, bu il bu rəqəm 25 milyon manata çatıb".

Azad Rəhimov vurğulayıb ki, ölkədə gənclər mərkəzlərinin açılması istiqamətində çox ciddi işlər görülür: "2006- cı ildən indiyə qədər 19 gənclər mərkəzi açılıb, növbəti 3 il ərzində də daha 14 gənclər mərkəzinin açılması nəzərdə tutulur".

Azad Rəhimov diqqətə çatdırıb ki, gənclərin inkişafı üçün yaradılan şərait nəticəsində dövlət qurumlarında onların təmsilçiliyi artıb: "Bu gün bələdiyyələrdə gənclərin sayı təxminən 4 min nəfərdən çoxdur. 326 nəfər isə bələdiyyə sədrləridir. Azərbaycan gənclərini beynəlxalq əlaqələri inkişafına böyük töhfələr verir. Əvvəllər nazirliklə əməkdaşlıq edən 51 gənclər təşkilatı vardısa, hazırda onların sayı 240- a çatıb".

Konfransın ikinci plenar iclasında Asiya regionunda fəaliyyət göstərən siyasi partiyaların üzvü olan gənc siyasətçilərin şəbəkəsinin genişləndirilməsi məsələləri müzakirə edilib.

Tədbirin sonunda Asiya gənclərinin Bakı Bəyannaməsi qəbul olunub.

Bəyannamədə deyilir:

Biz, Əfqanıstan, Azərbaycan, Kambociya, Çin, İran İslam Respublikası, İsrail, Yaponiya, Koreya Respublikası, Laos, Malayziya, Nepal, Pakistan, Filippin, Rusiya, Tailand və Türkiyənin on doqquz siyasi partiyasının gənc nümayəndələri, Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi ilə Azərbaycanın paytaxtı Bakıda keçirilən Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransının (İCAPP) Gənclər Qolunun ikinci iclasında iştirak etdik. İclasda həmçinin Afrika və Latın Amerikasının yeddi təşkilat və siyasi partiyaların nümayəndələri də müşahidəçi qismində iştirak edib.

Bu gün biz gənclərin siyasi, iqtisadi və sosial sahələrdə üzləşdikləri problemlərin həllində Asiyada gənc siyasi liderlər arasında əməkdaşlıq, əlaqə və koordinasiyanın gücləndirilməsinin əhəmiyyətli olduğuna qərar verdik. Biz, BMT-nin Minillik İnkişaf Məqsədləri də daxil olmaqla, gənclərin beynəlxalq inkişafına nail olmaq üçün öz öhdəliklərimizi yenidən bəyan etdik.

İCAPP-ın Gənclər Qolunu əsas forumlardan birinə çevirmək üçün öz səylərimizi əsirgəməyəcəyik. İCAPP-ın əsas məqsədlərindən biri də siyasi partiyalar arasında əməkdaşlığı gücləndirməkdir.

İCAPP –ın Gənclər Qolunun Birinci İclasında qeyd edildiyi kimi, bu əməkdaşlıq regionda gənc siyasi liderləri yalnız "Asiya Əsri" ndə sülh, firavanlıq, sabitlik və inkişafı təbliğ etmələrinə deyil, həmçinin yoxsulluq, zorakılıq, cinayət, regionda və dünyada gənclərin üzləşdikləri bir sıra problemləri həll etmək üçün ümumi strategiya axtarmağa səfərbər edir.

İclasda həmçinin kişi və qadınların mühüm resurslar, elm, təlim, təhsil, sağlamlıq və iş imkanlarından istifadə bacarıqlarını artırmaqla onlar arasında liderlik bacarıqlarını inkişaf etdirməyin əhəmiyyəti barədə danışılıb. Beləliklə, biz hazırkı sosial-iqtisadi vəziyyəti və gələcək nəslin həyat şəraitini yaxşılaşdıracaq, həmçinin gənclərin üzləşdiyi digər məsələləri həll edəcəyik.

Biz Beynəlxalq Gənclər İlinin qeyd olunmasını dəstəklədiyimizi bildirdik və 1996-cı ilin mart və 2011-ci ilin avqust aylarında BMT-nin Ümumi İclasının 50 və 65-ci Sessiyalarında qəbul edilən "Gənclər üzrə Dünya Fəaliyyət Proqramı"nda öz əksini tapan fəaliyyət planları və prioritet sahələr üzrə öz öhdəliklərimizi qəbul etdik.

Sonda, biz bu tarixi iclasa ev sahibliyi etdiyinə və qonaqpərvərliyinə görə Yeni Azərbaycan Partiyası və Azərbaycan hökumətinə dərin minnətdarlığımızı bildiririk.

Bütün xəbərlər Facebook səhifəmizdə