Prezident İlham Əliyev və Enriko Lettanın geniş tərkibdə görüşü olub

Prezident İlham Əliyev və Enriko Lettanın geniş tərkibdə görüşü olub

Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın geniş tərkibdə görüşü olub . SİA-nın məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyev qonaqları salamlayaraq dedi:

- Hörmətli cənab Baş nazir, əziz qonaqlar, sizi bir daha Azərbaycanda salamlayıram. Sizi görməyimə çox şadam. Biz uğurla inkişaf edən ikitərəfli münasibətlərimizə dair vacib məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün gözəl imkan əldə etdik. Əlbəttə, Sizin ölkəmizə rəsmi səfəriniz dövlətlərimiz arasında əlaqələrin yüksək səviyyəsindən xəbər verir. Gündəliyimiz çox genişdir və müxtəlif sahələri əhatə edir. Gündəlikdə duran bütün məsələlər üzrə uğurla irəliləyirik. Bunlar siyasi, iqtisadi, enerji sahələridir.

İtaliya və Azərbaycan son illər ərzində çox sıx tərəfdaşlığı inkişaf etdirməyə nail olublar. Şübhəsiz ki, qarşıdakı illərdə bu tərəfdaşlıq daha da inkişaf edəcək və çox yüksək səviyyəyə çatacaqdır. Bu gün də qeyd etdiyimiz kimi, biz yaxşı anlayırıq ki, münasibətlərimizi daha da yüksək səviyyəyə qaldırmalıyıq. Sizin ölkəmizə səfərinizi çox yüksək qiymətləndiririk. Bu, dostluğun gözəl əlamətidir və eyni zamanda, ikitərəfli münasibətlərimizin vacib məsələlərini nəzərdən keçirmək üçün gözəl fürsətdir. Bir daha xoş gəlmisiniz.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta dedi:

- Təşəkkür edirəm, cənab Prezident. Sizin səmimi qonaqpərvərliyinizi yüksək dəyərləndiririk. Burada olmaq fürsəti və Sizinlə, hökumətinizlə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparmaq bizim üçün çox əhəmiyyətlidir. Bu gözəl fürsət TAP boru kəmərinə dair qərarın verilməsindən sonra yarandı. Bu qərar İtaliya və Avropanın böyük bir hissəsi üçün çox vacibdir. Fürsətdən istifadə edərək bu qərarın qəbul olunması sayəsində bu gün bizim ikitərəfli münasibətlərimizin və təkcə enerji sahəsi ilə məhdudlaşmayan əməkdaşlığımızın gücləndirilməsinin necə vacib olduğunu qeyd etmək istərdim. Lakin biz enerji sahəsində əməkdaşlıqdan yararlanaraq əlaqələrimizi iqtisadi və siyasi sahələrdə də gücləndirir, daha da yüksək səviyyəyə qaldırırıq. Bizim Əfqanıstandakı hərbçilərimiz arasında da yaxşı əməkdaşlıq mövcuddur. Əlbəttə ki, biz iqtisadi əməkdaşlığımızda daha mühüm irəliləyişlər əldə etmək istərdik. İtaliyanın İşəgötürənlər Konfederasiyasının və İnşaatçılar Assosiasiyasının yüksək səviyyəli nümayəndə heyəti noyabrın əvvəlində Bakıya səfər edəcəkdir. Onların səfərinin məqsədi bizim əməkdaşlığımızı daha da genişləndirməkdir.

Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Letta birgə bəyannamə qəbul etdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə