İtaliya baş naziri: "TAP layihəsi İtaliya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına təkan verəcək"

İtaliya baş naziri: "TAP layihəsi İtaliya-Azərbaycan iqtisadi əlaqələrinin inkişafına təkan verəcək"

Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettanın mətbuat konfransı olub. SİA-nın məlumatına görə, Prezident İlham Əliyev və İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Letta bəyanatlarla çıxış ediblər.

İtaliya nümayəndə heyətini bir daha Azərbaycanda salamlayan Prezident İlham Əliyev bu tarixi səfərə Azərbaycanda böyük önəm verildiyini dedi və bildirdi ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər uğurla inkişaf edir. Azərbaycan ilə İtaliyanın beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı əməkdaşlıq etdiyini deyən dövlətimizin başçısı bildirdi ki, hazırda İtaliya ölkəmizin əsas ticarət tərəfdaşıdır. Prezident İlham Əliyev bu səfərin iqtisadi əlaqələri daha da şaxələndirməyə imkan verəcəyini, ölkələrimiz arasında enerji sahəsində əməkdaşlığın münasibətlərimizdə yeni səhifə açdığını diqqətə çatdırdı. Dövlətimizin başçısı Avropa İttifaqı ilə enerji sahəsində əlaqələrin sürətlə inkişaf etdiyini, Azərbaycanın Avropa institutları ilə əməkdaşlığa böyük önəm verdiyini vurğuladı. Prezident İlham Əliyev mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd etdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə İtaliya Nazirlər Şurasının Prezidenti Enriko Lettaya ətraflı məlumat verdiyini deyən Prezident İlham Əliyev sonda bu səfərin ikitərəfli əlaqələrə daha da təkan verəcəyinə əmin olduğunu bildirdi.

İtaliya hökuməti başçısının Azərbaycana ilk səfərinin uğurla keçdiyini deyən Enriko Letta bunu İtaliyanın ölkəmizə verdiyi əhəmiyyət kimi xarakterizə etdi. Enerji sahəsində əməkdaşlığın önəminə toxunan Enriko Letta Transadriatik qaz kəmərinin regionda və beynəlxalq miqyasda rolunu vurğuladı. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafına təkan olacaq bu layihəyə verdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür etdi. Yaxın vaxtlarda İtaliya şirkətlərinin nümayəndələrinin Azərbaycana gələcəyini və bunun ikitərəfli əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu deyən Enriko Letta bildirdi ki, mədəniyyət sahəsində əməkdaşlığın inkişafı diqqət mərkəzində saxlanılmalıdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində status-kvonun qəbuledilməz olduğunu deyən İtaliya hökumətinin başçısı ölkəsinin ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəklədiyini vurğuladı.

Bütün xəbərlər Facebook səhifəmizdə